Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Zərnişan Azayeva: 
Nazim Hikmətə sayğı ilə...
   

"Turan Türk  Xalqlarının Mədəniyyətinin İnkişafına Dəstək" ictimai birliyi yarandığı gündən Turan ellərinin tarixi-mədəni irsinin yaşadılması, nəsildən nəsilə ötürülməsi, Türk Xalqlarının ortaq mədəni dəyərlərinin  təbliği və təşviqində  üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirməkdədir. 
Bu günlərdə "Turan Türk  Xalqlarının Mədəniyyətinin İnkişafına Dəstək" ictimai birliyinin, Türkiyənin Kuşadası Bələdiyyə Başqanlığının və Kıprıs, İraq, Balkanlar, Avrasiya Türk Edebiyyatı Kurumunun (KİBATEK) rəhbər yardımçısı, İtaliya Pablo Neruda Kültür  Dərnəyinin Türkiyə təmsilçisi Leyla Işıkın təşkilatçılığı, Azərbaycanın TV1 televiziya kanalının informasiya dəstəyi ilə oktyabr ayının 23-dən 26-dək Türkiyə Respublikasının İzmir şəhəri Kuşadası bölgəsində “I Uluslararası Nazim Hikmət  Saygı və Ədəbiyyat Günləri” həyata keçirilmişdir.  
         Dünyanın 11 ölkəsindən tədbirə dəvət alan Nazimsevər söz-sənət, elm adamları bu görüşə Nazim Hikmətin ölkələrində nəşr olunmuş əsərləri ilə gəlmişdilər. Tədbir boyunca Türk Dünyasının əvəzsiz söz ustadı Nazim Hikmətin dünya ədəbiyyatında yeri, gənc nəslin şairin irsinə olan marağı mövzusunda dəyərli fikirlər söylənilmiş,   böyük şairin İtlya, Alman, Azərbaycan, Türk, Kazax, Serb, Bolqar  və s. dillərdə şeirləri səslənmişdir. Hindistanda yaşayan müxtəlif çoxsaylı xalqların dillərində, xüsusililə ilk dəfə olaraq urdu dilinə çevrilmiş şeirlər isə tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmışdır.  
"Turan Türk Xalqlarının Mədəniyyətinin İnkişafına Dəstək” ictimai birliyinin sədri Zərnişan Azayeva tədbirdə çıxış etmiş və öz şəxsi  kolleksiyasından, tanınmış rəssam Afaq Kərimovanın vaxtı ilə ona hədiyyə etdiyi Nazim Hikmətin yüksək səviyyədə işlənmiş  portretini təşkilat komitəsinə hədiyyə etmişdir. Əməkdar  jurnalist  Zərnişan Azayeva Nazim Hikmətin "Günəşə şərqi deyənlər" adlı ilk şeirlər kitabının məhz Bakıda nəşr olunduğundan, böyük şairin Rəsul Rza, Mikayıl Rəfili, Arif Məlikov və digər azərbaycanlı ziyalılarla dostluğundan, yaradıcılıq əlaqələrindən danışmış, hazırda dünyanın 60-dan şox ölkəsinin Opera-Balet Teatrlarının repertuarlarından düşməyən Xalq artisti Arif Məlikovun “Məhəbbət Əfsanəsi” baletinin librettosunun Hazim Hikmətə məxsus olduğu barədə verdiyi məlumat iştirakçılarının böyük marağına səbəb oldu.  Zərnişan xanımın təqdim etdiyi 1960-cı illərdə Nazim Hikmətin özünün ifa etdiyi şeirlərinin video yazısı da tədbirdə nümayiş olundu. 
Tədbirin sonunda “Nazim Hikmət Sayğı və Ədəbiyyat Günlərinin” 2026-cı ildə Almaniyada keçiriləcəyi elan olundu. 
Beynəlxalq tədbirdən sonra iştirakçılar üçün Kuşadasının tarixi yerlərinə gəzinti təşkil edildi. Onlar vaxtı ilə Nazım Hikmətin saxlandığı “Göyərçin” adasında oldular.  Kuşadası Bələdiyyə nümayəndəsi yaxın vaxtlarda həmin yerdə Nazim Hikmətin xatirəsini əbədiləşdirəcək muzeyin yaradılacağını qeyd etdi.  Qürurverici haldır ki, "Turan Türk Xalqlarının Mədəniyyətinin İnkişafına Dəstək” ictimai birliyinin hədiyyəsi olan unudulmaz Hazin Hikmətin batika uslubunda işlənmiş portreti artıq həmin muzeyin ilk eksponatı kimi qeydə alınmışdır.  

Zərnişan Azayeva
Əməkdar jurnalist

17.11.2025

Best coffeeshop in Berlin