İsmayıl şıxlının "Dəli Kür" romanı haqqında maraqlı faktlar
İsmayıl Şıxlı “Dəli Kür” romanı yazmaq üçün il yarım Qori seminariyasının arxivində araşdırmalar aparıb. Buna görə də əsərə Qori seminariyası ilə bağlı süni heç nə artırmayıb. Yazıçı dayısı Şəmiddinin (Cahandar ağanın oğlu) şəxsində Qori seminariyasının mənzərəsini açıqlayb.
Şəmiddin bəy əsərdə Şamxal kimi təsvir olunub. Əsər və filmdəki “rus Əhməd” real həyatda Əhməd ağa Mustafayevdir. O, Qazaxda 1875-ci ildə açılan realnı məktəbin yaradıcılarından olub. O, Qori seminariyasında oxutmaq üçün uşaqlar hazırlayıb. 1932-ci ildə vəfat edib.
“Dəli Kür”də təsvir olunan Qarayazı meşəsi, Kürün o tayındakı cələlər, Göytəpə kəndinin məişəti İsmayıl Şıxlının gördüklərinin təsviridir. Yazıçı romanda canlandırdığı hadisələri isə böyüklərdən eşitmişdi. Bu faktlarda məşhur Şıxlinskilərlə çar Rusiyasının düşmənçiliyi qabardılır.
İsmayıl Şıxlı ana babası Cahandar ağanın üzünü görmədiyindən “Dəli Kür”də ağanın obrazını anasının xatirələri əsasında canlandırıb.
Əsər nəşr olunandan sonra İsmayıl Şıxlı tənqidlərə məruz qalır. Yazıçı onlara belə cavab verir: “Milli şüuru təkcə Novruzəlilər, Məmmədhəsən əmilərlə oyatmaq, milli vəhdət yaratmaq olmaz. Bakıxanovlar, Axundovlar, Mehmandarovlar, Şıxlinskilər də var. Buna görə də Cahandar ağa obrazını ədəbiyyata gətirməyi qərara aldım”.
İsmayıl Şıxlı görkəmli rejissor Hüseyn Seyidzadə ilə birlikdə “Dəli Kür” filminin çəkilməsinə hazırlaşanda gözləmədiyi hadisələrlə üzləşdi. Bakıdan Moskvaya anonim məktublar göndərilirdi. İsmayıl Şıxlının bəzi tanınmış həmkarları da Moskvaya məktub yazaraq, “İsmayıl Şıxlı bəyliyi ideallaşdırır, rusları təhqir edir” iddia edirdilər. Nəticədə filmin ssenarisi bir neçə dəfə dəyişdirilir, ikinci seriya qısaldılır. Filmin rəngli kinolentlərlə çəkilişinə icazə verilmir.


