Qeyri-standart müalicə üsulları ilə dünyanı heyrətləndirən Sehrbaz həkim İLİZAROVUN Azərbaycanda layiqli davamçısı
yaxud hər bir həkim öz sənətinin filosofu olmalıdır
- Türk dünyasının fəxri akademiki.
- Cəbrayıl həkimim özünəməxsus sürpriz xeyriyyəçilikləri.
- qızları ABŞ-da, Türkiyədə təhsil alsa da onlar oruc tutur, namaz qılırlar, YURDA ÇOX BAĞLIDIRLAR, Cəbrayıl həkimim ən çox oxuduğu kitab QURANİ – ŞƏRİFDİR.
- İnsanların əlini, ayağını yeniləri ilə əvəzləmək olarmı? sualına həkimin maraqlı cavabı
- Aftandil İsrafilovun qarmon bağışladığı həkim.
- Niyə onun üçün Hipokrat andından da müqəddəs vicdan andıdır?
- Avropa çempionu ərkivanlı Əli Əliyev ona necə” mane” olub?
- 15 mindən artıq əməliyyat edən həkim özünün “Şah” əsəri saydığı hansı əməliyyatları heç vaxt unutmur?
- ABŞ, Hollandiya, İspaniya, Çin, ümumilikdə dünyanın 36 ölkəsində əməliyyatlar aparan, ingilis, rus, Anadolu türkcəsində mühazirələr edən Cəbrayıl həkim həyat yolunda nələri və kimləri unuda bilmir?
- Akademik Cavadzadənin, akademik Şevetsovun, Əlisa müəllimin, Məhbub Ağayevin və başqalarının onun həyatında buraxdığı izlər.


Əsl həkim öz sənətinin filosofudur
Ötən payız günlərinin birində jurnalıst həmkarım Zahir Əmənovla birlikdə uzaqdan - uzağa tanıdığımız, həmişə elmi naliyyətləri ilə qürur duyduğumuz həmyerlimiz, tibb elmləri doktoru, professor, Beynəlxalq ASAMİ (İlizarov) cəmiyyəti Rəyasət heyətinin üzvü, Azərbaycan İlizarov Cəmiyyətinin sədri, Kurqan İlizarov Mərkəzinin fəxri professoru Cəbrayıl Ələkbərovla Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda görüşüb, bir saata yaxın ətraflı söhbət etdik. Onu da qeyd edək ki, Cəbrayıl həkimlə görüşmək və onun haqqında ətraflı yazı hazırlamaq ideyasını əslində bizə qızılağaclı dostumuz Fərhad Abbasov vermişdi. Oxuculara həkimlə söhbətimizin bəzi fraqmentlərini təqdim etməzdən qabaq, zənnimizcə, əvvəlcə onun tərcümeyi - halı, travmatologiya və otropediya elmi sahəsindəki nailiyyətlərinə işıq tutan aşağıdakı portret yazımız Cəbrayıl Ələkbərov fenomeni barədə kifayət qədər təsəvvür yaradacaq. Buyurun, oxuyun!
BİR -BİRİNDƏN RƏNGARƏNG UŞAQLIQ İLLƏRİ
QISA TANITIM: Cəbrayıl Ələkbər oğlu Ələkbərov 18 avqust 1957-ci ildə Masallı rayonunun Qızılağac kəndində anadan olub.
Yeddi yaşında qonşu Kalinovka (indiki Viləş) kənd orta məktbinin birinci sinifinə qəbul olub. Dediyinə görə, əvvəlcə məqsədi rus dilində təhsil almaq imiş. Lakin onu rus bölməsinə qəbul etmirlər. Əsasən rus millətindən olan hərbçilərin uşaqlarının qəbul olduğu rus bölməsində o zaman vur-tut bir-iki azərbaycanlı uşaq təhsil alırmış...
Cəbrayıl 6-cı sinifə qədər həmin məktəbin Azərbaycan bölməsində təhsil alır. Eyni zamanda həm idmanın Yunan Roma Güləş növü ilə məşğul olur, həm də Qızlağac kənd mədəniyyət evində Ağamusa müəllimin rəhbərliyi altında fəaliyyət göstərən musiqi dərnəyinə gedir. 1970 - ci ildə yay tətilində Tüklə kəndindəki pioner düşərgəsində istirahət etdərkən, Masallının idman tarixinə unudulmaz səhifələr yazan Məhbub Ağayevlə tanış olur. Düşərgədə keçirilən güləş üzrə yarışda birincilik qazanan 13 yaşlı Cəbrayıla Məhbub müəllim təklif edir ki, təhsilini davam etdirmək üçün Masallıya gəlsin. O vaxt Məhbub Ağayev Masallı şəhər 3 saylı orta məkdəbində bədən tərbiyyəsi müəllimi işləyirmiş. Beləliklə, Cəbrayıl Ələkbərov Masallı şəhər 3 saylı orta məktəbin kimya-biologiya təmayüllü sinifində təhsilini davam etdirir. Burada da paralel olaraq rayon Musiqi Məktəbinin nəzdində fəaliyyət göstərən qarmon kursuna gedir. 1974-cü ildə orta məktəbi bitirir. Yaxşı təhsil alıb, orta attestat balı yüksək (4,5) olsa da, sənədlərini həmin ildə ali məktəb vermir. Belə demək mümkünsə, dünyanın o başına - Uzaq Şərqə yola düşür. Əmisi oğlu Xanlar Ələkbərovun yaşadığı Ussuriysk şəhərində ayaqqabı fabrikində ilyarım fəhlə işləyir. Ordan hərbi xidmətə yola düşür. Dəniz piyadaları qoşununda müddətli həqiqi hərbi xidmətinin altı ayını Xabarovskda, qalan hissəsini Çinlə sərhəd olan Primorsk diyarında keçirib. Hərbi xidmətini başa vurandan sonra Vladivostok Dövlət Tibb İNSTİTUTUNA qəbul imtahanlarından uğurla keçib, tələbə adını qazanıb. İkinci kursda təhsil alanda mətbuatda məşhur cərrah-ortoped, akademik, Sosialist Əməyi Qəhrəmanı, Rusiya Elmlər Akademiyasının üzvü Qavril Abramoviç İlizarov haqqında məqalə oxuyur. Həmin məqalə Cəbrayıl Ələkbərovun gələcək arzularına körpü salır…
BƏS İLİZAROV KİM İDİ?
Qavril Abramoviç İlizarov 15 iyun 1921-ci ildə Polşada (indiki Belarus ərazisində) yəhudi ailəsində dünyaya gəlmişdir. 7 yaşı olanda ailəsi ilə birlikdə ata yurduna - Azərbaycanın Qusar rayonuna köçmüşdür. Atası Abram burada yaşayan dağ yəhudilərindən idi. Qusardaki 4 nömrəli məktəbə 11 yaşında gedib və ibtidai siniflər üçün imtahan verdikdən sonra dərhal 5-ci sinifə qəbul edilib. Qusarda 7 illik məktəbi bitirən gələcəyin məşhur cərrahı ilk tibb təhsilini Dağıstanın Buynaksk şəhərində alıb. 1939-cu ildə əlaçı tələbə olaraq Krım Dövlət Tibb İnstitutunda təhsil almağa göndərilib. 1944-cü ildə ali təhsilini başa vurub diplom alandan sonra İlizarov həkim kimi fəaliyyətə başlayıb. Onun 1947-ci ildə ixtira etdiyi aparat sınıqların müalicəsində ən effektiv üsullardan sayılır. Dünyaca məşhur Qavril İlizarovu ixtirasına görə həkim-sehrbaz adlandırırdılar. Dahi ortoped bədən hissələrini idarə edən təbiət qanunlarını bir həkim kimi ram etməyə, əl və ayaqları sıxaraq və uzadaraq onların şəklini dəyişməyə müvəffəq olmuş və bu işi öz həyatının hədəfinə çevirmişdi. Q. İlizarov 1952-ci ildə kompressiya-distraksiya aparatını yaratmışdır. Uzun müddət bu aparat yalnız Sovet İttifaqında istifadə olunurdu. Lakin onun möcüzəvi nəticələri bütün dünyada səs salmışdı. 1960-70-ci illərdə artıq Avropa, ABŞ və Asiya ölkələrindən həkimlər Qavriil İlizarovun klinikasına gələrək bu üsulu öyrənirdilər.
Transsümük osteosintez müalicə üsulunun banisi olan İlizarov müəllif hüquqları ilə qorunan 208 ixtiranın müəllifidir ki, onlardan da 18-i dünyanın ondan çox ölkəsində patent alıb. 600-dən çox elmi əsərin müəllifi olan dünya şöhrətli alim 1990-cı illərdə ABŞ-a səyahət etmişdir. O, 71 yaşında, 24 iyul 1992-ci ildə Kurqan şəhərində ürək tutmasından vəfat etmişdir.
…15 iyun 2021-ci ildə Qusar şəhərində akademik Qavril Abramoviç İlizarovun anadan olmasının 100 illiyində onun ixtirasına çəkisi 2,5 ton, hündürlüyün 6,5 metr olan abidə ucaldılıb.
Fərhad Əzizovun (NewMett şirkəti) müəllifi olduğu metal qurğudan ibarət bu möhtəşəm abidənin əsas ideyası xəstəlikdən qurtulmadır. Abidənin üzərində AZADLIQ simvolu olan göyərçinlər təbabətin insan ağrıları üzərindəki QƏLƏBƏSİNİ təcəssüm edir. Qusar şəhərinin Qavril İlizarov və Azərbaycanın Milli Qəhrəmanı Fəxrəddin Musayev küçələrinin kəsişməsində yaradılan bu abidə öz ixtirası ilə minlərlə insanın sağlamlığına qovuşmasına səbəb olan məşhur həkimin xatirəsinə hörmət əlaməti olaraq ucaldılıb. Onu da qeyd edək ki, abidənin açılış günü Qubada dağ yəhudilərinin yığcam yaşadığı Qırmızı qəsəbədə akademik Q. A. İlizarovun anadan olmasının 100 illiyi münasibətilə təşkil olunmuş sərgidə onun müxtəlif dövrlərə aid fotoşəkilləri və elmi yaradıcılığına həsr olunmuş film nümayiş etdirilib.
ZƏRURİ QEYD: İkinci Qarabağ müharibəsi dövründə travmatoloji yardımın göstərilməsində cəmiyyətdə daha çox İlizarov aparatı olaraq tanınan tibbi cihazdan geniş istifadə olunmuşdur. Hərbi hospitallara paylanan bu ideal tibbi aparatlar Azərbaycan ordusunun yüzlərlə hərbi qulluqçusuna həyatda daha ağrısız və əziyyətsiz yaşamaq imkanı verib, onları sağlamlığına qovuşdurdu.
USTADINA LAYİQ HƏKİM
Cəbrayıl həkim deyir ki, Qavril Abramoviç İlizarov mənim müəllimim olub. "Ondan çox şeylər öyrənmişəm. Həkimlik istedadı Allah tərəfindən ona xüsusi qabiliyyət, ilahi hədiyyə kimi verilmişdir. İlizarovun apardığı cərrahiyyə əməliyyatları qeyri-standart idi. Dünyada belə dahi adamlar cox azdır. Adı travmatologiya və ortopediya elmi sahəsinə qızıl hərflərlə yazılmış bu adam tibb elmində sanki axar çayın əks istiqamətinə tərəf gedirdi...”
…1985-ci ildə Cəbrayıl Ələkbərov tibb universitetinin müalicə-profilaktika fakültəsini bitirəndən sonra öz arzusuyla Kurqana – akademik İlizarovun rəhbərlik etdiyi Rusiya Elmi tədqiqat Bərpaedici Ortopediya və Travmatologiya İnstitutuna getmək istəyib, amma onu təyinatla Sverdlovsk şəhərinə (İndiki Yekaterinburq) göndəriblər. C. Ələkbərov 20 saylı Sverdlovski şəhər xəstəxanasında cərrahiyyə, travmatologiya və ortopediya ixtisası üzrə internatura təhsili alıb. 7 ay burada travmatoloq vəzifəsində işləyəndən sonra Kurqana yola düşüb. Akademik İlizarov özü onu qəbul edib. Həkimlik məsuliyyətini dərindən dərk edən Cəbrayıl Ələkbərov kimi gənclərə öz ideyalarını həyata keçirmək üçün akademik həmişə böyük qayğı göstərib, onların arzularına xüsusi həssaslıqla yanaşırdı. Ona görə də Cəbrayıl həkimə özünü doğrultmağa 6 ay vaxt verir. Lakin peşəsini şərəflə, layiqincə yerinə yetirdiyinə görə 3 aydan sonra onu rəsmən işə qəbul etməyə qərar verib…
4 il akademik İlizarovla çiyin-çiyinə işləyəndən sonra Cəbrayıl həkim iki il Kurqan şəhər Rusiya Elmi tədqiqat Bərpaedici Ortopediya və Travmatologiya İnstitutunda transsümük osteosintezi üzrə klinik ordinatura təhsili alıb, 6 il İlizarovun direktoru olduğu (1986-1991-ci illər) həmin institutun uşaqlarda uzun boruşəkilli sümüklərin deformasiyasının aradan qaldırılması şöbəsində travmatoloq-ortoped olaraq çalışıb. Və gənc həkim-mütəxəssis , eyni zamanda əməyinə mükafat kimi Kurqan şəhərində ikiotaqlı mənzillə təmin olunub.
VƏTƏN HARAYINA HAY VERƏN OĞUL
Bir əlində cərrah bıçağı, bir əlində silah
Qarabağ müharibəsi başlayanda Cəbrayıl həkim Vətənə dönməyi qərara alır. Kurqanda iş yerindən ona verilən ikiotaqlı mənzili də qoyub (qaydaya görə iş yerindən verilən xidməti mənzili nə satıla, nə də dəyişdirilə bilərdi) Bakıya dönür. Bir müddət evsiz-eşiksiz, işsiz qalandan sonra o, görkəmli uroloq-alim, əməkdar elm xadimi, akademik Mirməmməd Cavadzadənin qəbuluna gedir.
O vaxt M. Cavadzadə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru idi. Tibb elminin korifeyləri sırasında özünəməxsus yeri olan, Avropa və Beynəlxalq uroloqlar cəmiyyətinin üzvü akademik Mirməmməd Cavadzadənin xeyir-duası ilə 1991-ci ilin noyabrında Cəbrayıl həkim Həkimləri Təkmilləşdirmə institutunun “Malakan bağı”nın yanında yerləşən Travmatologiya Klinikasında həkim-travmatoloq kimi fəaliyyət göstərməyə başlayır…
1992-ci ilin yanvarın 26 -da Daşaltı əməliyyatı baş verən gün könüllü olaraq sanitar aviasiyası (Hava təcili yardımı) ilə ora yola düşür.
ağır yaralanmalar çox idi. O qanlı-qadalı günlərdə atəş altında yaralılara yardım edən Cəbrayıl həkim cox çətinliklə başa gələn ağır tibbi əməliyyatlar həyata keçirir, Yaralıların qısa müddətdə müalicə olunub sağlamlıqlarına qovuşmaları üçün əlindən gələni əsirgəmir, həm də əlinə avtomat götürüb döyüşür də. Hətta avtomatının nömrəsi də bu günəcən yadında qalıb: AK 884954…
Söhbətindən belə məlum olur ki, müharibə cərrahiyyəsi ilə dünc dövrün cərrahiyyəsi bir -birindən çox-çox fərqlidir. Müharibədə həkim - cərrahın əsas məqsədi yaralıların həyatını xilas etmək olur, bütün diqqəti onları ölməyə qoymamağa yönəlir. Deyir ki, Kosalar kəndində üzərində cəbhə bölgəsinə yardım gətirən iki helikopterdən biri vurulandan sonra yaralılara yardım üçün tibbi ləvazımat, həkim və sanitar heyəti gətirmək lap çətinləşdi. “35 gün orada qalandan sonra mühasirəni yaran könüllülərdən ibarət tağımla Lacın dəhlizi ilə əvvəlcə Qubadlıya, sonra Zəngilan və Cəbrayıl istiqmətindən keçib Ağcabədiyə gəldik.”
Niyə ona müharibə iştirakçısı vəsiqəsi vermədilər?
…Çox əfsuslar olsun ki, Birinci Qarabağ müharibəsindən sonra ona müharubə iştirakçısı vəsiqəsi vermirlər. Dediyinə görə, hətta məhkəməyə də müraciət edib, əlində sanitar aviasiyasının müharibədə iştirakı barədə qeydiyyatı və arayışı olsa da ona könüllü iştirak etmiş şəxslərə “Müharibə veteranı” statusunun verilmədiyini bildiriblər. Lakin bu haqsızlıq iradəli həkimi, istedadlı və peşəkar cərrahı ruhdan salmır. Çünki Cəbrayıl həkimin əlləri kimi əsl cərraha məxsus olan RUHU da qətrə-qətrə topladığı həyat təcrübəsinə arxalanan şəxsiləşmiş varlığıdır. Böyük ürəyə sahib olan həkimin əlləri də, ruhu bir-birini tamamlayır… Bu mənada şəfa –Cəbrayıl həkimin təkcə biliyi ilə deyil, həm də ruhu ilə xəstəyə verdiyi müsbət emosiya, mənəvi gücdür.
TALEYİNİ DƏYİŞƏN MƏQAM
Və ya “Bir bacarıqlı həkim müharibədə çoxlu döyüşçüyə bərabərdir”
…1992-ci ildə Travmatologiya Xəstəxanasında müalicə olunan qazilərə qardaş Türkiyədən yardım gətirən tibb personalı Cəbrayıl həkimin İlizarov metodu ilə apardığı əməliyyatlarla yaxından tanış olur.
Sohbət əsanasında bildirirlər ki, İlizarov metodu ilə müalicə Türkiyədə yeni başlayıb. Və ona qardaş Türkiyəyə getmək təklif olunur. Çox çəkmir ki, Cəbayıl Ələkbərovu Türkiyəyə konfransa dəvət edirlər. Hətta ona təyyarə biletini də göndərirlər. İlizarov metodunun sirlərini mükəmməl bilən Cəbrayıl həkim Ankara və İzmirdə 20 -yə yaxın uğurlu cərrahiyyə əməliyyatı həyata keçirir. Bu dəfə ona Türkiyədə qalıb işləmək təklif olunur: “Sizə burda çox ehtiyacımız var”
Lakin Cabrayıl həkim etiraz edir, deyir ki, ölkəmizdə müharibə gedir, cərrahiyyə əmaliyatına ehtiyacı olan çoxlu yaralılarımz var!.. Bu məqamda dünyagörmüş müdriklərin söylədiyi “Bir bacarıqlı həkim müharibədə çoxlu döyüşçüyə bərabərdir” məşhur kəlamını xatırlamaq yerinə düşür. Elə həmin ilin yayında Cəbrayıl həkim özünə usdad hesab etdiyi İlizarovun ölüm xəbərini alır. O, bu acı xəbərdən çox məyus olsa da, ustadının dəfnində iştirak edə bilmir. Yalnız bir ildən sonra Kurqana gedir və İlizarovun xatirəsinə həsr olmuş tədbirdə iştirak edir. Bakıya qayıdandan sonra Türkiyəyə Ortopedlər və Travmatoloqlar Cəmiyyətinin (TOTBİD) xətti ilə iki dəfə də qardaş ölkəyə dəvət alır. Dəvətləri qəbul edir və yenə müxtəlif şəhərlərin özəl və dövlət xəstəxanalarında cərahiyyə əməliyyatları aparıb Vətənə dönür...
Nəhayət, 1994-cü ildə Birinci Qarabağ müharibəsinə son qoyan atəşkəs sazişi imzalanandan sonra Cəbrayıl həkim TOTBİD - in dəvəti ilə İzmir şəhərinə gedir. Tibb üniversitetlərində, özəl və dövlət xəstəxanalarında türkiyəli həmkarlarına İlizarov metodu ilə əməliyyatlar aparmağı öyrədir. Eyni zamanda özü də burada ingilis dilini öyrənir.
1996-cı ildə ilk dəfə Hollandiyaya dəvət olunur. Amsterdam şəhərində Avropa Ortopedlər Cəmiyyətinin konqresində çıxış edir. Şərq fəlsəfəsinə görə, hər hansı bir məqsədə nail olmaq üçün ilk addımdan çox şey asılıdır. Cabrayıl həkimin böyük uğurlara gedən YOLLARI da elə ilk xarici səfərindən sonra başlayır. Həmin ilin dekabında ABŞ-ın Hyuston (Texas ştatı) şəhərində Xəstələrin İlizarov metodikası ilə müalicəsinə həsr olunmuş Beynəlxalq ASAMİ (İlizarov) cəmiyyətinin Birinci konqresində iştirak etmək üçün dəvət alır. ABŞ səfərindən bir ay əvvəl isə - yəni 1996-cı ilin noyabrda Kurqan şəhərində - vaxtilə çalışdığı Rusiya Elmi tədqiqat Bərpaedici Ortopediya və Travmatologiya İnstitutuna keçirilən konfransda məruzə ilə çıxışı diqqəti cəlb edir. Və bu çıxışı onun elmi fəaliyyətinə güclü təkan verir…
AKADEMİK ŞEVETSOVLA TANIŞLIQ
Cəbrayıl həkimin Azərbacanda və Türkiyədə apardığı uğurlu və sanballı cərrahiyyə əməliyyarların video görüntüsünə baxandan sonra Q. A. İlizarov adına Kurqan şəhər Rusiya Elmi tədqiqat Bərpaedici Ortopediya və Travmatologiya İnstitutuna rəhbərlik edən akademik Vladimir İvanoviç Şevetsov ona aspiranturada təhsil almağı və elmlə məşğul olmağı tövsüyyə edir. Özünün də dediyi kimi, Cəbrayıl həkim düz on il tibbi praktika sahəsində uğur qazanandan sonra qiyabi yolla aspirantura təhsili alır və Türkiyədə həkimlik fəliyyətini davam etdirir. 2000-ci ildə Kurqan şəhərində Rusiya Elmi tədqiqat Bərpaedici Ortopediya və Travmatologiya İnstitutunun elmi şurasında namizədlik dissertasiyasını uğurla müdafiə edir. 2002-2007- ci illərdə qiyabi yolla Kurqanda doktoranturada təhsili alır və Moskvada doktorluq dissertasiyasını müdafiə edir. 2010-cu və 2011-ci ildə namizədlik xarici ölkədə verilmiş elmi adlarının tanınması üçün Azərbaycanda təkrar attestasiyadan keçir və həmin elmi adları təsdiq edən şəhadətnamə alır. Tibb elmləri doktoru Cəbrayıl Ələkbərov 2 monoqrafiyanın, müxtəlif beynəlxalq jurnallarda dərc edilmiş 112 elmi məqalənin, 2 ixtiranın, 2 səmərələşdirici təklifin müəllifidir. Elmi məqalələri Azərbaycanda, Amerikada, Ingiltərədə, Italiyada, İsveçdə, Russiya və Türkiyədə işıq üzü görüb. 15 mindən artıq əməliyyat aparıb. Cəbrayıl həkim SİCOT-un -Beynəlxalq travmatalogiya - ortopediya dərnəyinin və EFFORT-un - Avropa travmatalogiya - ortopediya dərnəyinin üzvüdür. Həmçinin TOTBİD-in - Türkiyə Ortopedlər və Travmatoloqlar Cəmiyyətinin Fəxri və Həqiqi üzvüdür. Bu yaxınlarda isə Türk dünyasının fəxri akademiki adına layiq görülüb.
“DÜNYA DURACAQ YER DEYİ, EY CAN, SƏFƏR EYLƏ!”
İndiyə kimi Cəbrayıl Ələkbərov dünyanın 36 ölkəsində səfərdə olub. Barselonada (İspaniya), Salonikidə (Yunanıstan), Dohada (Qatar), Karaçidə (Pakistan), Sidneydə (Avstraliya), Romada (İtaliya), Sankt-Peterburq (Rusiya), Bəhreyndə, İstanbulda (Türkiyə), Qahirədə (Misir), Ommanda (İordaniya), Bişkek (Qırğızstan), Mayami (ABŞ), Kurqanda (Rusiya), Liverpulda (İngiltərə), Pekində (Çin) və başqa dövlətlərdə keçirilən Beynəlxalq konqreslərində iştirak edib, onların bir çoxunda moderator olmuş və məruzəçi kimi çıxış etmişdir. Özünün şəxsi vəsaiti ilə getdiyi ölkələrdə Azərbaycanı təmsil edib və 3 dildə (ingilis, rus və Anadolu türkcəsində) mühazirələr oxumuşdur. Əlbbətə, onun bu uğurlarına sevinməmək mümkünsüzdür. Cəbrayıl həkim tibb elmində qarşıya qoyduğu hədəflərə çatmaq üçün çətin, lakin şərəfli yol keçib…
Onu da qeyd edək ki, 2001-ci ildən başlayaraq Cəbrayıl həkim İzmir şəhərində “9 Eyül” Universitetinin Tibb fakültəsinin Ortopediya və travmatologiya kafedrasında dosent vəzifəsində çalışmışdır. Orda ona müsafir professor elmi adı da verilib. Türkiyənin bir çox nüfuzlu tibb mərkəzlərində maarifləndici təlimlər keçən və məruzələr edən Cəbrayıl həkim İlizarov üsulunun elmi əsaslarla tətbiqi və onun geniş yayılmasının təşkilatçısı kimi də tanınır...
ZƏRURİ QEYD: Cəbrayıl həkimin Zodiak işarəsi şir bürcüdür. Şir bürcü altında doğulan insanlar adətən öz güclü şəxsiyyətləri ilə seçilirlər. Bu bürcün nümayəndələri, eyni zamanda, enerjili və hədəflərinə sadiq olurlar. Onlar özünəinamlı, cəsarətli və təbii liderlik qabiliyyətinə malikdirlər. Bu keyfiyyətləri onları həm cəmiyyətdə, həm də öz fərdi həyatlarında diqqət mərkəzində saxlayır. Şir bürcünün təmsilçiləri başqalarına ilham vermək və onları bir araya gətirmək bacarığına sahibdirlər.
... Təbabət elminə mühüm töhfələr vermiş, minlərlə insana sağlamlıq bəxş edən Cəbrayıl həkimlə yaxından tanışlıq zamanı biz onun timsalında Şir bürcü haqqında yuxarıda yazılanların bir daha şahidi olduq...
TƏŞKİLATÇI HƏKİM, TƏDQİQATÇI ALİM
...2009 -cu ilin yanvarında Türkiyədən Azərbaycana qayıdandan sonra Cəbrayıl həkim 2010-cu ilin iyul ayına kimi Bakı şəhəri Travmatologiya və Ortopediya Klinik Xəstəxanasında həkim-travmatoloq-ortoped işləmişdir. Xəstəxananın fəaliyyətinin dayandırılması ilə əlaqədar Səhiyyə Nazirliyi tərəfindən Akademik Mir Qasımov adına Respublika Kliniki Xəstəxanasında həkim-travmatoloq-ortoped vəzifəsinə təyin edilmişdir. 2014-cü ildən indiyədək Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda bölmə rəhbəri işləyir. “Hər birimiz bir şam işığı qədər işıq verə bilsək, planetimizin günəşə ehtiyacı qalmaz” bu fikirlər Azərbaycanda cərrahlıq elmi məktəbinin banilərindən biri akademik Mustafa Topçubaşova məxsusdur. Elm əhli üçün yaşın, hansı ölkədə yaşamağın və calışmğın elə bir məhdudiyyəti yoxdur. Dünyanın çox ölkəsində görkəmli travmatoloq-ortoped kimi ad qazanan Cəbrayıl həkim həm kamillik, həm də elmi yaradıcılığının tam inkişafı mərhələsində Bakı şəhərində keçirilən “I Türk Dünyası Ortopedi va Travmatoloji Konqresi”nin (2018) və “III Ortoped va Travmatoloqlarin Qurultayı”nın (2019) təşkilatçı olmuş və məruzə ilə çıxış etmişdir.
Məşhur rus yazıçısı, həkim A.P.Çexov həkimlik sənəti haqqında belə fikir söyləmişdir: "Həkimlik sənəti qəhrəmanlıqdır, hünər deməkdir. Bu peşə adamdan fədakarlıq, pak niyyət tələb edir. Hər kəs buna qadir ola bilməz. Bunun üçün həkimin fikri aydın, qəlbi təmiz olmalıdır..." Dilimizdə də belə bir deyim var: “Vicdanlı adam bütün sahələrdə peşəkar olur.” Məhz Cəbrayıl həkimin möcüzə yaradan əllərinin şahidi olanlar da ona “Ustadına əhsən” -deyirlər.
KEÇMİŞİNİNİ UNUTMAYAN İNSAN
(Müsahibə)
ZAHİR: - Həkimlik peşəsi olduqca məsuliyyətli və çətindir. Sizi bu peşəyə gətirən istək hardan qaynaqlanır və bu peşəni seçdiyinizə görə peşman deyilsiniz ki?
- Mən uşaq vaxtı xərcəng xəstəsi olan atamın çəkdiyi əzab-əziyyəti, ağrı-acını görəndə özümə söz verdim ki, həkm olacağam. Atam çox erkən dünyasını dəyişdi. Uşaqlıq illərim çox çətin keçib. Həyatda nə əldə etmişəmsə həkimliyimə borcluyam. Ona görə həkim olmağıma əsla peşman deyiləm. Bilirsiniz, həm də mən Quranı mütaliə edirəm, uşaq olanda Birinci Yeddioymaq kəndində Molla Baba var idi, 1968-ci ildə, yəni 11 yaşımda ondan Quran oxumağı öyrənmişəm...
Mən təbiətcə həyatda həmişə keçmişini axtaran adamam. Kasıb yaşadığım günlərimi, iç dünyalarında Allahdan qorxu hissi olan insanların bir-biri ilə dürüst davrandığırəyinin ətrini, pamidorun iyini axtarıram. Məhz o keçmişi içimdə yaşatdığıma görə heç vaxt qudurğanlıq etmirəm. Mən çox qazanıram. Amma o pulu hara sərf edirəm? Mənim qızlarımın biri Kaliforniya Universitetində təhsil aldı, o biri Türkiyədə... On il maşınsız gəzdim, halbuki, hər il maşın dəyişdiridim. Qazandığım pulları övladlarımın, qardaşım uşaqlarının təhsil almasına sərf elədim... Mənim övladlarım Ramazan ayında oruc tuturlar. Tələbə yoldaşları ilə birlikdə şəhid, qazi və imkansız ailələrə yardım edirlər... Etiraf edim ki, özüm də dostlarıma, doğmalarıma qarşı qayğıkeş münasibət göstərirəm. Elə bu qayğıkeşliyin nəticəsidir k, mehriban olduğu o keçmişi xatırlayıram. O vaxt yediyimiz isti təndir çö i, daim kimsə nə üçünsə mənə müraciət edir. Təbii ki, mən də bacardığım qədər çalışıram ki, istər maddi, istər mənəvi tərəfdən insanlardan əlimdən gələn köməyi əsirgəməyim...
NURƏDDİN: -Sokrat deyirdi ki, dünyadakı bütün peşələr insanlardandır. Və yalnız üçü Allahdandır - müəllim, hakim və həkim. Sizin bu fikrə münasibətinz?
- Mən sizə bir söz deyim ki, ən böyük sənət müəllimlikdir. Müəllimlik məsləklərin məsləyi, sənətlərin sənətidir. Çünki müəllim bizi yetişdir. Mənim ilk müllimim Əlisa müəllim olub, Kalinovkada yaşayır, maşallah, 90-dan çox yaşı var.
- Sizn bir müəlliminiz də olub, İltifat Məmmədov, “Ölməzlik haqqı” kitabında onun haqqında kiçik də olsa, maraqlı xatirəniz var. Yəqin, o kitabdan Sizdə var?
-Yox, həmin kitabdan mənə verilməyib. İltifat müəllim orta məktəbdə mənə dil-ədəbiyyatdan dərs deyib... O, sözün əsl mənasında, cəfakeş bir müəllim idi. Mənim yaddaşımda hər şeydən əvvəl İltifat müəllim öz peşəsinə hörmət və məhəbbətlə yanaşan zəhmətsevər pedaqoq kimi qalmışdir. O, tədris etdiyi mövzuları elə izah edirdi ki, dərsi elə sinifdəykən öyrənirdik. Onun ikinci üstün cəhəti onda idi ki, sual-cavab zamanı təkcə yaxşı oxuyan şagirdləri deyil, bütün sinfi fəal olmağa ruhlandırardı.
Unudulmaz müəllimim İltifat Məmmədov haqqında kitab yazdığınıza çox sevindim. Belə şəxsiyyətin fəaliyyəti barədə maraqlı xatirələrin bir kitabda toplanması çox təqdirəlayiqdir...
ZAHİR: – Bir-birinə bağlı iki sualım var. İndi elə texniki yeniliklır var ki, onlar sizin işlərinizə yəqin ki, çox kömək edir, o cümlədən də süni intellekt?
- Bəli var, məsələn, 3D-çap texnologiyası. İndi 5D də çıxıb. Biz tutalım sümüyü İlizarov aparatı ilə uzadırıqsa, 3D onu mexaniki şəkildə edir. Yəni maqnit və tokla... Bu da orqanizm üçün zərərlidir. Bizdə isə zərərli deyil. Həmin texnologiyanın əl və ayaqların uzun sümüklərində olan osteoxondral toxumanın müalicəsində istifadəsi asan başa gəlmir. Çünki onların hər birinin sonunda tədricən bərk sümüyə keçən hamar qığırdaq qatı var. Bu da odeməkdir ki, həmcins sümüklərin bitişməsi üçün effektiv texnologiya müxtəlif tərkibli sümüklərin bitişməsi üçün tətbiq edilə bilməz. Mən 3D-çap texnologiyasını bilirsiniz nəylə müqayisə edirəm? Bir var gündə konveyrindən 100-150 maşın çıxa, bir də var ki, əllə düzəldilən 3-5 maşın. Tutalım əl sənətkarlığının əsl simvolu Ferrari, Lambarcini, Buqatti brendləri kimi...
Qaldı suni intellekt isə bizə yalnız istiqamət verir. Onu da biz professional olaraq bilirik... Əsl cərrah sənəti bütün sənət adamlarına nisbətən daha dəqiq olmalıdır.
ZAHİRİN 2-Cİ SUALİ: - İndi tutaq ki, ürəyin, böyrəyin transplantasiyası mümkündür, bəs ayağın, əlin necə?
-Gözəl sualdır? Onu eləyirlər. İspaniya həkimləri tibb tarixində ilk dəfə olaraq ayaq transplantasiyası ediblər. Mətbuatda xəbər verilirdi ki, adı gizli saxlanılan şəxs üzərində əməliyyat uğurlu keçsə də pasiyentin orqanizminin yeni ayaqları qəbul edib-etməyəcəyi hələ bilinmir. Ona görə ki, əli, ayağı transplantasiya olunan adam ömrü boyu dərmanlar içməlidir. O dərmanlar da qaraciyəri, böyrəyi getdikcə məhv edir. Əli və ayağı olsun deyə böyrəyi, qaraciyəti qurban verməyə dəyərmi?
CƏBRAYIL HƏKİMİN “ŞAH ƏSƏRLƏRİ”
Professor Cəbrayıl Ələkbərovla söhbət etdikcə bu qənətə gəlmək olar ki, dünyanın ən qədim və ən faydalı sahələrindən biri olan təbabət elmi, həkimlik peşəsi onun üçün yalnız sənət deyil, gündəlik yaşam, həyat tərzidir. Elmi bilikləri ona müasir dövrdə təbabətin qarşısında duran başlıca problemlərinin həlli yollarını tapmağa, həkimlik sənəti isə travmatik xəsarət alan, anadangəlmə omba çıxıqları, ayaqlarında bərabərsizliklər, bir sözlə, əlillik riski olan insanların cərrahi müdaxilələr yolu ilə sağlamlıqlarına qovuşmasına kömək edir. İstər istəməz düşünürsən ki, insan bədəninin kəm-kəsir işlərini tamamlayan, bütövləşdirən, cilalayan cənət də, məhz elə Cəbrayıl həkimin yiyələndiyi cərrahlıq sənətidir.
ZAHİR: - İndiyə kimi 15 mindən yuxarı əməliyyat etmisiniz. Apardığınız bu qədər əməliyatlar içərisində eləsi olubmu ki, siz onu heç unutmursunz?
- Bəli, unuda bilmıdiyim 4 belə əməliyyat var: Çünki bu xəstələrimin dördü də yeniyetmə və azyaşlı qız uşağı idi. Onlardan iksi Lənkarandan, biri Baləkəndən, biri də Türkiyədən... Hansı ki, onlara demişdilər ki, sizin ayağınız ambutasiya olunacaq. Əvvala, amputasiya qərarını vermək cərrahdan çox böyük məsuliyyət tələb edir. Belə bir qərarı tələsik, başdansovdu vermək olmaz! Həkimin səhvi bir insan ömrünün sonu deməkdir. İnsanın sağlam həyatı isə bu dünyada hər şeydan daha vacibdir. Mən həmin qız uşaqlarının ayaqlarını bərpa elədim... Onlardan ikisi artıq ailə həyatı qurub. O biriləri on beş, on altı yaşlarındadır. Düzü, əslində yeddi-səkkiz belə əməliyyat eləmişəm. O əməliyyatları mən unutmaram... O əməliyyatlar mənim ŞAH ƏSƏRLƏRİMDİR. Şəxsiyyətinə böyük hörmət etdiyim akademik Mirməmməd Cavadzadə vaxtilə deyirdi ki, xəstəni həyata qaytaran həkim onun üçün ən doğma adamdır. Bax, pasientim olmuş belə insanlar məni də özlərinə çox doğma, əziz adam bilirlər.
NURƏDDİN: -Tibbin atası sayılan Hippokrat məşhur “Andı” təxminən, eramızdan əvvəl 400-cü ildə yazılmışdır. Bu andın həkimlərin, eləcə də tibb işçilərinin əxlaqi və etik kodeksi olduğu bildirilir. İndi XXI əsrdir, təbabət dünya üzrə çox inkişaf edib. Əgər Sizə bu gün öz sahəniz üzrə səlahiyyət verilsəydi, “Hippokrat andı”na nəyi əlavə edərdinz?
- İnsan həyatda nədənsə qorxmalıdır. Ən təhlükəli adam heç nədən qorxmayandır. Ya insan ata-anasından qorxmalıdır, ya Allahdan, ya da qanundan. Ən demokratik ölkələrdə belə ölüm cəzası var. Mən nəyi əlavə edərdim? Bəzən deyillər ki, həkim pul almamalıdır. Həkim ilk növbədə firavan yaşamalıdır və heç nəyə, heç kəsə möhtac olmamalıdır. Ya onun zəhmət haqqını dövlət ödəyəcək, ya da xəstə çalışdığı sənətdən əldə etdiyi məvacibdən... Demək, hər bir insan çalışdığı sahədə yaxşı qazanmalıdır. Çünki dünya insan təfəkkürünün, əqlinin, sağlam düşüncəsinin sayəsində mükəmməllik qazanır, müasirləşir. Şərqin böyük tibb alimi və filosofu Əbu Əli İbn Sinanın belə bir kəlamı var: “Elm və sənət rəğbət görmədiyi cəmiyyətləri tərk edər.” Əbəs yerə demirlər ki, Allah insanı yaradıb, dərd verəndə dərman verir. Allah böyükdür, biz həkimlər isə xəstə ilə Allah arasında belə demək mümkündürsə, vasitəçiyik. Həkim ilk növbədə dürüst olamlıdır. Əgər bu sənin işin deyilsə və ya xəstənin sağalmağına 50 faiz qarantiya verirsənsə, onu eləmə. Göndər onu bu işi daha yaxşı bacara bilən həkimin yanına. İkincisi, imkanın varsa. xəstəyə hər köməyi elə... Mən Hippokrat andı ilə yox, öz vicadanımla işləyirəm. Əgər həkimin VİCDANI yoxdursa, bir Hippokrata deyil, 7 arxadan dönəninə and içsə də onun xeyri yoxdur. Mənim qəlbimdə Allah qorxusu var. Allah qorxusu nədir? Bir Allah bilir, bir də biz - xəstəyə bıçağı nə üçün vururuq, əlimizə skalpeli nəyə görə alırıq. Onu müalicə etmək üçün, yoxsa pul qazanmaq üçün!.. Bax, bu mənim fikrimdir. Tibbi və ya cərrahi müdaxiləni düzgün başa düşmək üçün əxlaqı baxımdan bunları dərk etmək vacibdir. Baxın, indi namizədlik dissertasiyasını müdafiə edəndə, elmi dərəcə tibb üzərə fəlsəfə doktoru kimi təqdim edilir. Demək, sözün əsl mənasında, əsl həkim öz sənətinin filosofu olmalıdır...
“KÖHNƏ MASALLINI ÖZLƏYİRƏM”
NURIDDİN: Keçmiş zamanlarda sınıqları müalicə etmək üçün sadə sınıqçılar olub. Müasir dövrdə də onların xalq arasında davamçıları var. Bəlkə sizdə bu sənətə maraq nəsildən gəlmədir?
-Yox, bizim nəsidlə dədə-babadan təbabətlə məşğul olan olmayıb. Mənim ana babam Əbülrəhim Qızılağac körfəzinin kənarında böyük ticarət əhəmiyyəti daşıyan limanda mirzəlik edib. Bildiyiniz kimi Qızılağacın tarixi çox qədimdir. Mənim dünyaya göz açdığım Qaramanlı məhələsi (el arasında Qərəymanlı da deyirlər) kəndimizin ən böyük məhəllələrindən biridir. Məhəllənin yaranması burada məskən salmış Qaramanlı tayfasının adı ilə bağlıdır. Bəzi tarixçi alimlərin yazdığına görə, Qaramanlı soyu Azərbaycana Anadolunun Qaraman bəyliyindən gəlib və bu soy oğuzların Əfşar boyuna mənsubdurlar...
ZAHİR: - Tərcümeyi-halınızdan belə məlum olur ki, siz güləşlə də məşğul olubsunuz.
İdmanın həyatınızda hansı rolu olub və ya güləşdə hansı böyük uğurları qazanmısınız?
-Yox, böyük uğurlarım olmayıb. (Gülümsünür) Rayon birinciliyində finala çıxanda ərkivanlı sonralar Əli Əliyev mənə qalib gəlirdi. O, səkkizillik məktəbini bitirəndən sonra idman təmayüllü orta ümumtəhsil internat məktəbində oxuyurdu, həm də ilk məşqlərə tanınmış pəhləvan, Azərbaycanın Əməkdar məşqçisi Nadir Ağayevin yanında başlamışdı. Ona görə də taktiki və texniki cəhətdən yarışlara çox yaxşı hazırlaşırdı. İnsafən, çox gözəl də güləşirdi. Sonralar Yunan-Roma güləşi üzrə SSRİ və Avropa çempionu, Beynəlxalq dərəcəli idman ustası oldu və Azərbaycanın əməkdar məşqçisi fəxri adına layiq görüldü. Qaldı güləşin mənə hərbi xidmətdə faydası belə oldu ki, öz gücümə arxayın idim. Buna görə də arzum desantda qulluq etmək idi, amma hərbi komissarlıqdan məni Hərbi Dəniz Qüvvələrinin xüsusi təlim keçmiş dəniz piyadaları korpusuna yolladılar...
“Aftandil Israfilov mənə öz qarmonunu bağışlayıb.”
NURƏDDİN: -Tibb elmləri doktoru, professor İbrahim Topçubaşov, həmyerlimiz tibb elmləri namizədi Mir Kazım Aslanlı -Sarəng, sizin həmkəndliniz Şahin Musoğlu həkimliklə yanası həm də bəstəkar kimi tanınıblar... 
-Mən də musiqini çox sevirəm, qarmonda yaxşı lirik musiqilər, xalq mahnılarını gözəl ifa edirəm. Azərbaycanın məşhur qarmaon ifaçısı, xalq artisti Aftandil Israfilov mənim yaxın dostum olub, hətta mənə qarmon da bağışlayıb. Birlikdə şəkilimiz də var... (Göstərir) Azərbaycan bəstəkarlarının klassik, retro mahnılarını xoşlayıram. Əynimdəki ağ xalatdan iş zamanı qədər zövq alıramsa, işdən sonra musiqidən də bir o qədər gözəl zövq alıram... Musiqi həm insanın yorğun ruhuna sığal çəkir, həm də qəlbinə dinclik verir, hətta məlhəm olur. Cərrah alətləri tutan barmaqlarım qarmonun şirmayi dillərinə toxunanda, həzin musiqi sədaları altında düşüncələrə dalıb, sanki ürəyimin səsini dinləyib, döyüntüsünü eşidirəm... Müsəlman dünyasının məşhur sufi şairi Mövlana Cəlaləddin Rumi musiqinin ruhu təmizləmək və ilahi eşqi ifadə etmək üçün vacib bir vasitə olduğunu nəzmə çəkib. Deyib ki, hansı ruha, rəftara sahibsənsə, çaldığın alət vasitəsiylə də onu təqdim edirsən.. Mənə görə isə musiqi müxtəlif millətlərdən, dinlərdən olan insanların başa düşdüyü ortaq dildir...
ZAHİR: - Doğulub boya-başa çatdığınız Masallının dünyada tanınmış alim- həkimsiniz. Bu vaxta kimi rayon ictimaiyyəti ilə görüşünüz keçirilibmi?
- Mən Masallıda qızılağaclıyam, Bakıda masallılı, xaricdə azərbaycanlı...Mənim maşınımın nömrəsi 44-dür. Bu Masallı rayonunun avtomobil kodudur. 44 rəqəmi deyiləndə həm Vətən Müharibəsində tarixi zəfərimiz, həm də Masallı yada düşür. Amma mənim əslim ana tərəfdən lənkəranlı və bakılıdır, özü də içərişəhərli... Azərbaycanın xalq artisti rəhmətlik Oqtay Ağayev anamın dayısı uşaqlarından sayılır. Demək istəyirəm ki, bu Vətən bizimdir. Ancaq bir şey də deyim, mən Masallının travmatologiya üzrə yeganə tibb elmləri doktoruyam, qalan titullarımı sadalamağa ehtiyac duymuram... Bilirsiniz, mən təkcə bu gün Masallını doğma yurd yeri kimi sevmirəm, həm də onun keçmişini özləyirəm.
Nərimanov kino-teatrının yaxınlığında əlində xalis, şirinçörək, su saatan uşaqları, bazarın girişində dondurmasatan Həşim kişini (oğlu Qurban kitab mağasasında işləyirdi), köhnə avtovağzaldakı çayxananı xatırlayıram. Avtovağzalda bir arvad vardı, Pasport deyirdilər ona, avtobuslar yola düşəndə sərnişinlərə dua edərdi: - Allah sizi şəri şeytandan, quru böhtandan, yol qəzasından, məkri zənəndən, bir də ikqulaqlı şeytandan uzaq eləsin ... Soruşardılar ki, ay Pasport, ikiqulaqlı şeytan kimdir? Cavab verərdi ki, insan, insan... Baxın, indi onların heç biri yoxdur!.. Rayona yolun düşəndə köhnə Qülləyə gedirəm, keçmiş milis şöbəsi ilə üzbə - üz. İndi ora Qasımın çayxanası kimi tanınır.Vaxtilə ora silos qülləsi idi. Sovxozlarda mal-qaranı yemləmək üçün orada qarğıdalını silos edirdilər. Ora mənə uşaqlığımı xatırladır. Masallının köhnə zamanını özləyirəm. (Masallının köhnə zamanı üçün darıxıram) O dövrün insanları necə də mehriban, necə də səmimi idilər, haqq - salama dəyər verirdilər..:
Qaldı ki, Masallıda görüş məsələsinə. Bir dəfə Qızılağac kəndindəki şəhid S.Xəlilov adına 1 saylı məktəbdə görüşdə olmuşam. Şagirdlərə özümün həyat fəaliyyətimdən danışdım, onlara gələcəkdə peşə seçimlərini düzgün etməyi və secəcəkləri peşəni dərindən mənimsəməyi, sevməyi tövsiyə etdim. Sonra onları maraqlandıran suallara cavab verdim... Təbii ki, əgər yaxın gələcəkdə rayon icyimaiyyəti ilə görüşə dəvət olunsam, məmnuyyətlə gələrəm.
Cəbrayıl həkimim özünəməxsus sürpriz xeyriyyəçilikləri
Yaxın qohumu və dostu Fərhad Abbasovun dediklərindən:
- Cəbrayıl həkim hər dəfə kəndə gələndə birinci növdə şəhidlərin, sonra valideynlərinin məzarını ziyarət edir.
Kəndin 1 saylı məktəbində onun müəllim və şagird kollektivi, eləcə də ictimaiyyət nümayəndələri ilə görüşünü yaxşı xatırlayıram. Görüş başa çatanda Cəbrayıl həkim üzünü direktora tutub dedi ki, Şəhla xanım, mən bu görüşə elə -belə gəlməmişəm. Sizin məktəb üçün mən nə edə bilərəm? Düzü, məktəb müasir tipli, həm də təzədir. Amma mən bura gələndə gördüm ki, məktəbə gələn yolun 500 metrlik hissəsi çox yararsız vəziyyətdədir.
...Görüşün ertəsi günü Cəbrayıl həkim həmin yola 5 KamAZ çınqıl tökdürdü və texnika gətizdirib onu yaydırdı. Onu da deyim ki, görüş günü möhkəm yağış yağırdı. Məktəbin həyətində onlarla xəstə onu gözləirdi, yağışa baxmayaraq o, hər kəsi səbirlə dinlədi, tövsiyələr verdi...
Cəbrayıl həkim kəndə həmişə gələndə kasıb-küsuba əl tutur. İmkansız ailələrin hüzür məclislərinin keçirilməsinə köməklik göstərir. Ötən il kənddə iki kasıb qardaşın uçmaq təhlükəsində olan evlərini əməlli - başlı təmir elətdirdi. Onlara həmişə maddi yardım edir. Bax, belə ürəyə sahibdir bizim Cəbrayıl həkim.
Onu da qeyd edək ki, Dr. Cəbrayıl 2011-ci ildə xeyriyyəçilik məqsədi ilə Lənkəran rayonunun Liman şəhərində Seyid Səxavət və bacısı Ədibəy üçün (rəhmətlik Pinəçi Mustafanın övladları) iki otaqlı həyət evi tikdirmişdir.
YENİDƏN GÖRÜŞMƏK ÜMİDİ İLƏ
Və yaxud HƏKİMİN SÖZÜ ƏN YAXŞI DƏRMANDIR
Ağxalatlı müsahibimiz özünəməxsus davranışında antik dövrün məşhur yunan həkimi Hippokratın “Təbabət – elmlərin şahzadəsi, müdrik həkim isə ilahi varlıqdır” fikrinin bariz nümunəsidir. Bizim üçün ayrılmış vaxt başa çatanda Cəbrayıl həkimin qapısı astaca döyüldü. O, “buyurun!” deyib bizə baxdı, elə bil ona veriləcək xeyli maraqlı suallarımız olduğunu üz-gözümüzdən oxudu. Dedi: “Bir neçə gündən sonra Türkiyəyə yola düşürəm, İlizarov metodu ilə təlim- məşğələlərim 10 gün çəkəcək. İnşallah, qayıdandan sonra mütləq görüşərik...” Ona “Yaxşı yol” deyib xudahafizləşirik. Ayağa qalxıb getməyə hazırlaşanda həkimin xəstə ilə qısa söhbətinə qulaq müsaviri oluruq. Cəbrayıl həkimin aurası, çöhrəsindəki təbəssüm bir anlığa xəstənin sanki qəlbinə ümid şöləsi, nur çilədi, əhval-ruhiyyəsini yüksəltdi. Bir sözlə, həkimin xəstənin narahatlığını sözlə azaltdığına ötəri də olsa, biz də şahid oluruq.
... Cəbrayıl həkimlə yenidən görüşmək ümidi ilə Elmi-tədqiqat travmatologiya və ortopediya institutundan çıxıb piyada yol gedə-gedə, sonra da paytaxtın sakit bir güşəsinə çəkilib çay içə-içə Cəbrayıl həkim haqqında ilk təəssüratlarımızı bölüşdük. “Yazımıza hansı başlığı qoysaq yaxşı olar?” -deyə Zahir soruşdu. “Bilmirəm, başlığı yəqin mobil telefonun diktofonuna yazılan müsahibəsində dediyi fikirlərdən seçmək olar!”- dedim.
İlk görüşümüz də olsa, diqqətimizi ən çox cəlb edən Cəbrayıl həkimin xəstəylə münasibəti, mimikası və xoş sözlərlə onun sağlamlığına inamını artırması oldu. Çox doğru bir deyimdir ki, xəstənin ruhunu müalicə etmədən bədənini sağaltmaq mümkün deyil..
...1957-ci ildə Azərbaycanın Əməkdar elm xadimi fəxri adına layiq görülmüş tibb elmləri doktoru, professor Məmmədəmin Əfəndiyev həmkarlarına deyərmiş ki, HƏKİMİN SÖZÜ ƏN YAXŞI DƏRMANDIR. Bu fikri dahi Üzeyir Hacıbıyovun tələbəsi, həmyelimiz, tibb alimi, həkim, bəstəkar, şair Mir Kazım bəy Aslanlı -Sarəng “Dərman və Söz” adlı ikibəndlik şerinə epiqraf seçərək yazıb:
Dərman var, zəhərdir dili acılar,
Zəhər var şəkərdir, şirin dadı var.
Söz var acı dadar, söz var bal dadar,
Söz var dərdə salar, söz var sağaldar.
***
Xəstə var yaxşısan, desən dirçələr.
Sağlam var xəstəsən, desən incələr,
Baxır harda verir həkimlər fərman,
Dərman özü sözdür, söz özü dərman.
Bəli, öz ömrünü təbabət elminə həsr edən Cəbrayıl həkimin zahiri görünüşü, zəngin təcrübəsi, fundamental tədqiqatları, öz sənətinə vicdanla, müdükcəsinə yanaşması, xəstələrinə nəvazişi müasir çağımızda dünyada, xüsusilə bizim cəmiyyətimizdə həm fərqli, gəm də tibb fəlsəfəsinin ana xətti təşkil edən ibratamiz nümünədir. Öz işində “Başqalarının xoşbəxtliyi ilə xoşbəxt olmaq, sənətində, vicdanlı, dürüst, ədalətli, mərhəmətli və insana dəyər vermək” prinsipini rəhbər tutan Cəbrayıl Ələkbərov gənc həkimlərin karyera inkişafı üçün böyük məktəbdir.
ZƏRURİ QEYD: Oxucuların diqqətinə bir məlumatı da çatdırmağı özümzə borc bildik. Cabrayıl həkimin qaynataşı akademik Musa Rüstəmov görkəmli kimyaçı alim olub. Azərbaycanın Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı olub. Texnika elmləri doktoru, professor M. Rüstəmov 1989-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilib. 1987–2012-ci illərdə Akademik. Y. H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru vəzifəsində kimi çalışıb. Beynəlxalq konfranslarda, simpoziymlarda ölkəmizi təmsil edən akademik Azərbaycanda hidrogen energetikası sahəsində tədqiqatların əsasını qoyub. Kataliz sahəsindəki görkəmli əsərləri ilə elmi zənginləşdirən alim 2002-ci ildə İslam Ölkələri İqtisadi Əməkdaşlıq Təşkilatının Sammitində “Elm və texnologiya” mükafatına layiq görülüb. Onun əsas elmi tədqiqat işlərinin nəticələri 700-dən yuxarı elmi əsərdə, 60 patentdə, 130-dan artıq müəlliflik şəhadətnaməsində, 4 monoqrafiyada, 6 kitabda və 36 elmi- publisistik məqalədə öz əksini tapmışdır. Onlardan 157-si xarici ölkələrdə nəşr olunmuşdur. Elmdə akademik Musa Rüstəmov məktəbi yaratmış alim 7 elmlər doktoru, 45 elmlər namizədi hazırlamışdır. Musa İsmayıl oğlu Rüstəmov 2022-ci il noyabrın 29-da ömrünün 93-cü ilində Bakıda vəfat etmişdir.
P.S: Cəbrayıl həkimin bir filmlik həyat yolu iki-üç belə yazıya sığan deyil. Ona görə də onun haqqında yaxın zamanda kitab yazmağı düşünürük. Həkimlə bağlı dəyərli xatirələri olanlar bizə müraciət edə bilərlər.
(Telefon: 050 322 75 23 Zahir, 050 335 21 13 Nurəddin)
"Post Scriptum"a P.S: Cəbrayıl həkim haqqında yazımızı yenicə tamamlamışdıq ki, həm bizə, həm də Cəbrayıl həkimə ilk sürpirizi qələm dostumuz, şair-publisist Əlizaman BAXIŞDAN elədi. Onun yazımızın ilk variantını oxuyandan sonra qələmə aldığı şeiri oxucularımıza təqdim edirik.
Əlizaman BAXIŞ
Tanrının Cəbrayıl mələyi kimi…
Tibb elmləri doktoru, cərrah-travmotoloq,
professor CƏBRAYIL ƏLƏKBƏROVa
həsr edirəm.
Bir insan rəsmi var gözüm önündə,
Üzündə dünyanın qayğıları var!!
Ünvanı xalqının ürəyindədir,
Bütün insanlara sayğıları var!
Adıtək yaşayıb Cəbrayıl həkim,
Xəstə ürəklərə şəfqət paylayır!
Tanrının Cəbrayıl mələyi kimi,
Daima Tanrıyla ülfət bağlayır!
İçdiyi Hippokrat andından üstün
Tanrı qarşısında bir andı vardır!
İnsana qayğıdır məsləki, yolu,
Bu yolda xoşbəxtdir, həm bəxtiyardır!
Ustad İlizarov - akademikdən
Bütün elmləri əxz elədi o!
Ustadı çox sevdi yetirməsini,
Onunla həmişə fəxr elədi o!
Dünyanın ən məşhur tibb mərkəzləri,
Onunla təmasdan qürur duydular!
Nə qədər alimlər ondan öyrənib,
Onu özlərinə ustad saydılar!
Səsi Barselona, Solonikidən,
İstanbul, Mayami, Kurqandan gəldi!
Liverpul, Qahirə, Kəraçi, Roma
Cəbrayıl həkimin yolun gözlədi!!
Uçsa da dünyanın "hankı səmtinə",
Doğma vətənini unudammadı!
Qarabağ düşmənlə vuruşan zaman,
Özünü çatdırdı, dayanammadı!
Humanist insandı Cəbrayıl həkim,
Sevilir xeyriyyə əməlləriylə!
"Əl tutmaq Əlidən qalıb!"-deyir o,
Yaşayır xalqının dərdi-səriylə!
Həkimlik sənəti qəhrəmanlıqdır,
Fədakarlıq demək, hünər deməkdir!
Ad-sanı, şərəfi, şöhrəti-şanı
İnsana gətirən halal əməkdir!!
Halal bir insandır Cəbrayıl həkim,
Tanrıya tükənməz inancı vardır!
Təqvalı İNSANtək, ALİM-HƏKİMtək
Tanrıdan aldığı qazancı vardır!!
Zahir ƏMƏNOV,
Nurəddin ƏDİLOĞLU.
Noyabr-dekabr 2025.




