Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Azərbaycan idmanının uğurlu ili: dövlət qayğısı və milli qürur

 

Dekabrın 26-da 2025-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev idman ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Tədbir Azərbaycan idmanının əldə etdiyi mühüm nailiyyətlərin və həyata keçirilən ardıcıl dövlət siyasətinin təqdimatı baxımından xüsusi əhəmiyyət daşıyıb.
Prezident İlham Əliyev çıxışında 2025-ci ilin Azərbaycan idmanı üçün rekord göstəricilərlə yadda qaldığını vurğulayıb. Bildirilib ki, il ərzində idmançılarımız beynəlxalq yarışlarda 2000-dən çox medal, o cümlədən 600-dən artıq qızıl medal qazanıblar. Bu nəticələr ölkədə idmanın inkişafının dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu bir daha təsdiqləyir.
Qeyd olunub ki, son illər ərzində ölkə üzrə idman infrastrukturu faktiki olaraq yenidən qurulub. 2025-ci ildə Gəncə və Yevlax şəhərlərində iki yeni Olimpiya İdman Kompleksi istifadəyə verilib və bununla da bölgələrdə fəaliyyət göstərən bu cür komplekslərin sayı 46-ya çatıb. Yaradılan şərait gənclərin idmana marağını artırır, sağlam, güclü və vətənpərvər gənc nəslin formalaşmasına xidmət edir.
Dövlətimizin başçısı vurğulayıb ki, idmançılarımız beynəlxalq arenalarda Dövlət Bayrağını yüksəldərkən müzəffər xalqın nümayəndələri kimi böyük məsuliyyət daşıyırlar. İdman uğurları eyni zamanda Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsinə və ölkəmizin dünyada daha yaxından tanınmasına mühüm töhfə verir.
Çıxış zamanı 2025-ci ildə Azərbaycanda keçirilmiş mühüm beynəlxalq idman yarışlarına da toxunulub. MDB ölkələrinin III Oyunlarının bir neçə şəhərdə, o cümlədən Gəncə və Xankəndidə təşkili ölkəmizin geniş idman potensialını nümayiş etdirib. Bakı şəhərində ilk dəfə UFC beynəlxalq turnirinin keçirilməsi, eləcə də ənənəvi Formula 1 yarışının yüksək səviyyədə təşkili Azərbaycanın qlobal idman xəritəsində mövqeyini daha da gücləndirib.
Bununla yanaşı, ilk dəfə olaraq Qusarın Şahdağ Xizək Kurortunda Xizək üzrə Dünya Kubokunun keçiriləcəyi bildirilib. Bu mühüm hadisə Azərbaycanın qış idmanları sahəsində beynəlxalq mövqelərinin möhkəmlənməsinə xidmət edəcək.
Sonda Prezident İlham Əliyev Bakının “Dünyanın İdman Paytaxtı” seçilməsini ölkəmizdə idman sahəsində görülən işlərə verilən yüksək beynəlxalq qiymət kimi dəyərləndirib.
Ənənəsinə sadiq qalan respublika rəhbərinin müvafiq Sərəncamı ilə bir qrup idmançı və idman mütəxəssisinin mükafatlandırılması idman ictimaiyyətində böyük qürur hissi doğurur. Daim ölkə idmanına və idman ictimaiyyətinə diqqət və qayğı göstərən, onların əməyini yüksək qiymətləndirən dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevə dərin təşəkkürümüzü bildiririk.
Biz də öz növbəmizdə qarşıdan gələn 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bütün soydaşlarımızı, eləcə də təltif edilən idmançı və mütəxəssisləri ürəkdən təbrik edir, onlara yeni ildə daha böyük uğurlar və qələbələr arzulayırıq.

 

Sabiq CAHANGİROV
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin
Masallı rayon sektorunun müdiri

 

Best coffeeshop in Berlin