Gül Rüstəmli - XəyaliGül:
GÖZLƏRİNDƏN AĞLAMA MƏNİ
Bir anlıq baxışam, baxıb keçərəm,
Dəniztək duyğunda batıb itərəm.
Özgətək ömründən çıxıb gedərəm,
Qəti, gözlərindən ağlama məni...
Gedərəm, ömründə izim də qalmaz,
Sənsiz bu ürəyin dərdi azalmaz.
Gözünün yaşını mənə halal yaz,
Qəti, gözlərindən ağlama məni...
Getsəm də qəlbimdə adın qalacaq,
Qırıq saat kimi həyat duracaq.
Sənsiz keçən ömrüm səssiz solacaq,
Qəti, gözlərindən ağlama məni...
Sevgi bir yuxuymuş, ayılıb gedək,
Nakam ömrümüzə ağlayıb gedək.
Eşq adlı kitabı bağlayıb gedək,
Qəti, gözlərindən ağlama məni...
Gün gələr Tanrıdan dilərsən yarı,
Kölgətək sürünüb gəzərsən yarı.
Qəmli misralarla bəzərsən yarı,
Qəti, gözlərindən ağlama məni...
Sənə bəla idim, bəlkə də dərman,
Bəlkə də bir sınaq, bəlkə imtahan.
Yaşasın ürəyin mənsiz firəvan,
Qəti, gözlərindən ağlama məni...
Əllərin əlimdən sürüşüb getsin,
Ürəyin ürəksiz döyünüb getsin.
Əcəl məni alıb sürünüb getsin,
Qəti, gözlərindən ağlama məni...
Məni bağışlama, unutma, çətin,
Söz ver ki, olacaq ürəyin mətin.
Sevgim də sevgisiz yaşayar çətin,
Qəti, gözlərindən ağlama məni....
Bir payız yarpağı düşdü budaqdan,
Bir ömür çəkildi isti qucaqdan.
Külümüz seçilməz yanar ocaqdan,
Qəti, gözlərindən ağlama məni.....
Qismət yazılmamış iki ad idik,
Biz eyni ruhdakı iki yad idik.
Eşqin özünə də yaman yad idik,
Qəti, gözlərindən ağlama məni...
Son dəfə deyirəm, dönmərəm geri,
Eşq də bəzən olur ayrılıq yeri,
Vətənsiz qalacaq qəlbin "mən" yeri
Qəti, gözlərindən ağlama məni.....
12.02.2026
04:25


