“Tarixin yazdığı böyük ömür yolu” – Masallıda konfrans
Masallıda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr edilmiş “Tarixin yazdığı böyük ömür yolu” mövzusunda konfrans keçirilib.
Heydər Əliyev Mərkəzində təşkil edilən tədbirdə rayon rəsmiləri, millət vəkilləri, ziyalılar və ağsaqqallar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə iştirakçılar Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən sərgi ilə tanış olublar.
Konfrans Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Heydər Əliyevin zəngin həyat yolu, dövlətçilik fəaliyyəti və Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışıb. O, bidirib ki, Ulu Öndər müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı kimi ölkənin inkişafında mühüm rol oynayıb, milli dövlətçilik ənənələrinin formalaşmasına və möhkəmlənməsinə böyük töhfələr verib.
YAP rayon təşkilatının sədri Seyfəddin Əliyev, deputatlar Məşhur Məmmədov və Fəzail İbrahimli Heydər Əliyevin siyasi irsi, Azərbaycanın inkişaf strategiyasının müəyyənləşdirilməsindəki rolu və xalq qarşısındakı tarixi xidmətlərindən bəhs ediblər.
Konfransda çıxış edən şəhid anası Mehriban Sultanova, gənc fəal Ruslan Cəbiyev və digər natiqlər qeyd ediblər ki, Heydər Əliyev Azərbaycanın müstəqilliyinin ilk illərində ölkənin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirərək dövlətin tərəqqisinə zəmin yaradıb.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasına yeni qəbul olunmuş üzvlərə partiya biletləri təqdim edilib.
Akif AĞAYEV


