UMUD MİRZƏYEV:
Qarabağ həm də dirçəlişin, quruculuğun və milli iradənin simvoluna çevrilib
Qarabağda Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin yaradılması haqqında sərəncamın imzalanmasından beş il ötür. Bu beş il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müasir tarixində ən böyük quruculuq missiyalarından birinin həyata keçirilməsidir.
24 may 2021-ci ildə Emin Hüseynov Azərbaycan Respublikasının Prezidentinin Qarabağ bölgəsi üzrə nümayəndəsi təyin olundu. Bu işğaldan azad edilmiş Qarabağ torpaqlarında Aydın Kərimovun Şuşaya təyinatından sonra ikinci təyinat idi. Emin Hüseynovun təyinatından dərhal sonra Qarabağa etdiyimiz səfərləri çox yaxşı xatırlayıram. Azad olunmuş torpaqlardan barıt qoxusu gəlirdi. Hər tərəfdə dağıntılar, səngərlər, yararsız hala düşmüş döyüş texnikaları, minalarla çirklənmiş ərazilər görünürdü. Yollar istifadəyə yararlı deyildi, hər addımda təhlükə vardı. Həmin səfərlərdə Azərbaycanın dəyərli ziyalılarından biri, indi rəhmətlə andığımız Akif Musayevlə birlikdə bölgəni yaxşı tanıdığımız üçün bir növ bələdçilik edirdik. Yolboyu Qarabağın kəndləri, insanları, tarixi abidələri, yaşayış məntəqələri barədə bildiklərimizi bölüşürdük. Emin Hüseynovun müavini Eldar Seyidov və nümayəndəliyin az sayda olan digər əməkdaşları da onun rəhbərliyi altında gecə-gündüz demədən çalışırdılar. Həmin vaxtlar bölgədə qalmağa yer tapmaq da müşkül məsələ idi. Bir gecə Hadrutda Qarabağ qəhrəmanı, general Mais Bərxudarovun qərargahında gecələdiyimizi yaxşı xatırlayıram. Artıq həmin xatirələr tarixə çevrilməkdədir.
Bu yerdə mən başqa bir önəmli məsələdən də söhbət açmaq istəyirəm. Ermənistan işğal dövründə, xüsusilə, Tərtərdən Suqovuşan və Talış istiqamətinə gedən yolları və yolətrafı əraziləri vəhşicəsinə minalarla çirkləndirmişdi. Rəhbərlik etdiyim Beynəlxalq Avrasiya Mətbuat Fondunun “İcma Mina Aksiyası” komandası da həmin ərazilərdə təhlükəsizlik işlərinin həyata keçirilməsinə, minaların bilavasitə təmizlənməsinə cəlb olunmuşdu. İşıq, qaz, su xətlərinin çəkilməsi, yolların bərpası və tikinti işlərinin başlaması üçün ilk növbədə ərazilərin təhlükəsiz vəziyyətə gətirilməsi vacib idi. Son dərəcə çətin və riskli olsa da, bu şərəfli iş ANAMA-nın dəstəyi ilə fəaliyyət göstərən komandamız tərəfindən həyata keçirildi. Nəticədə qısa bir vaxtda Qarabağa köçkünlərimizin ilk qayıdışı Talış və Suqovuşan istiqamətində reallaşdı.
Bu gün işğaldan azad olmuş torpaqlarımızda tamamilə fərqli bir Qarabağ formalaşır. 2026-cı ilin sonunadək 34 500 ailənin, yəni təxminən 140 min vətəndaşın doğma yurduna, öz el-obasına qayıdacağı nəzərdə tutulur. Təkcə Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri müasir Azərbaycan tarixinin ən böyük yenidənqurma proqramı hesab olunur. Buraya yollar, hava limanları, elektrik stansiyaları, su təsərrüfatı sistemləri, məktəblər, xəstəxanalar və yaşayış fondunun yaradılması daxildir. İşğaldan azad edilmiş torpaqlarımızın hər yerində böyük quruculuq işləri həyata keçirilir. Bir zamanlar xarabalığa çevrilmiş torpaqlarda indi həyat yenidən nəfəs alır. Əlbəttə, bütün bu proseslərin əsasında Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi və dövlət strategiyası dayanır.
Mənim üçün də həmin çətin günlərdə Emin müəllimlə birlikdə Qarabağ yollarında olmaq, bölgənin gələcəyi ilə bağlı düşüncələri bölüşmək, başlanılan böyük quruculuq prosesinin iştirakçısı olmaq və canlı şahidinə çevrilmək böyük şərəf idi.
Bu beş il göstərdi ki, Qarabağ həm də dirçəlişin, quruculuğun və milli iradənin simvoluna çevrilib. Bu işdə zəhməti keçən, haqqı olan hər kəsə təşəkürlər.


