Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbərliyi AMEA-nın Əlyazmalar İnstitutunda olub
Azərbaycanda səfərdə olan Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri arxiyepiskop Covanni Çezare Paqatzi, Vatikan Apostol Kitabxanasının icraçı rəhbəri Mauro Mantovan və Vatikan Apostol Arxivinin icraçı rəhbəri Rokko Ronzani AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olublar.
Qonaqları institutun direktoru, akademik Teymur Kərimli qarşılayıb.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli qonaqlara tarixi binanın memarlıq xüsusiyyətləri, elmi müəssisənin fəaliyyət istiqamətləri, burada qorunan zəngin əlyazma fondu, nadir tarixi sənədlər və aparılan elmi-tədqiqat işləri haqqında məlumat verib.
Akademik İsa Həbibbəyli Əlyazmalar İnstitutunun yerləşdiyi binanın 1898-1901-ci illərdə inşa edildiyini və vaxtilə məşhur milyonçu, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə Bakı Qızlar Məktəbi kimi fəaliyyətə başladığını, 1918-ci ildə İslam Şərqində ilk respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti binası kimi fəaliyyət göstərdiyini, ölkədə sovet hakimiyyəti qurulduqdan sonra isə burada Azərbaycan SSR Ali Sovetinin yerləşdiyini bildirib.
AMEA rəhbəri burada mühafizə olunan əlyazma və sənədlərin ölkəmizin tarixi və mədəni irsinin öyrənilməsində müstəsna əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Nümayəndə heyəti institutun saxlanclarını ziyarət edərək, əlyazma sənədlərinin və qədim kitabların qorunma şəraiti ilə tanış olublar, nadir nüsxələrə və tarixi sənədlərə baxış keçiriblər.
Qonaqlar institutun Əlyazmaların gigiyenası, konservasiyası və bərpası laboratoriyasında bərpa və cildləmə prosesini yaxından izləyiblər.
Ziyarət zamanı akademik İsa Həbibbəyli Əlyazmalar İnstitutunda qorunub saxlanılan, dahi şair Nizami Gəncəvinin XIV əsrə aid, üzü köçürülmüş ən qədim əlyazma nüsxəsini qonaqlara təqdim edib.
Nümayəndə heyətinin üvləri institutun ekspozisiya zalında X-XI əsrlərdə Kordova xilafətində yaşamış böyük ərəb alimi Əbülqasim Zəhravinin "Cərrahiyyə və cərrahi alətlər haqqında", Şərqin dahi mütəfəkkiri İbn Sinanın “Tibb qanunları”, XII əsr alimi Rüstəm Cürcaninin "Zəxireyi-Nizamşahi" əsərlərinin əlyazma nüsxələri, eləcə də şairə Xurşidbanu Natəvanın özünün çəkdiyi gül təsvirlərindən ibarət “Gül dəftəri” adlı şeirlər albomu ilə tanış olublar.
Görüşdə Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov, Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəisi, millət vəkili Soltan Məmmədov, həmçinin Mərkəzi Elmi Kitabxananın direktoru Hüseyn Hüseynov, AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin müdiri Esmira Əlirzayeva, İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri Ağahüseyn Şükürov və başqaları iştirak ediblər.


