Masallı UGİŞM futbol üzrə respublika birinciliyində...
Respublika birinciliyinin zona mərhələsi sona çatıb
“Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan məktəblilər arasında mini-futbol üzrə respublika birinciliyinin zona mərhələsinə yekun vurulub.
N.Nərimanov adına Masallı şəhər 2 saylı tam orta məktəbinin idman meydançasında keçirilən zona yarışlarında 2010-2011-ci il təvəllüdlü idmançılardan ibarət komandalar iki yarımqrupda (“A” qrupunda Masallı, Lənkəran, Ağdam, Şirvan, Hacıqabul, Salyan, “B” qrupunda Ağcabədi, Neftçala, Cəlilabad, Astara, Biləsuvar) mübarizə aparıblar.
Üç gün (06-08 may) davam edən yarışların yekun nəticələrinə əsasən Lənkəran UGİŞM birinci, Masallı UGİŞM ikinci, Şirvan UGİŞM üçüncü, Cəlilabad Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin komandası dördüncü yerə layiq görülərək, 19-24 may 2025-ci il tarixdə Bakı şəhərində keçiriləcək respublika birinciliyinin final mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, birinciliyin keçirilməsində məqsəd Ulu Öndərin irsinin təbliği, məktəblilərin futbol idman növünə marağının artırılması, perspektivli idmançıların aşkarlanmasıdır.
Akif AĞAYEV


