Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il)

HÜMBƏT QULİYEV: 

Uşaqlar və valideynlər (esse)

Təyyarədə uçanlar bilir, uçmamışdan əvvəl təyyarə bələdçisi təyyarədə ola biləcək kritik situasiyada insanların özlərini necə aparmalı olduqları barədə sərnişinləri təlimatlandırır.

Məsləhətlərdən biri belədir: Qəza nəticəsində təyyarə salonunun hermetikliyi pozularsa, yuxarıdan avtomatik sallanacaq oksigen maskalarını əvvəl özünüz taxırsınız, sonra həmən maskadan birini uşağınızın üzünə yerləşdirirsiniz.

Bu məqamı təkrar vurğulayıram; əvvəl özünüz, sonra uşağınız.

Təfəkkürünüz gərildi?

Hər şeydə əvvəl uşaqlar, sonra mən stereotipi ilə düşünənlər qulaqlarını şəklədilər, yəqin ki.

Bəli, məhz belə; əvvəl özünüz, sonra uşağınız!

Eqoizmdir bu, düşünənlərə deməliyəm ki, o situasiyada əsas valideyndir. O, sağ qalsa, uşağını da sonrakı çətinliklərdən xilas edə biləcək. Əksinə düşünənlər, ilk olaraq uşaqlarını təhlükəyə atırlar.

Bu prinsipi həyatda da tətbiq edin, əziz ata və analar.

Hər addımda özünüzü uşaqlarınıza qurban verməyin. Sizin olmağınız elə ilk növbədə uşaqlarınıza gərəkdir.

Özünüz üçün çalışın. Öncə öz sağlamlığınız üçün çalışsanız, daha uzun müddət balalarınız üçün gərəkli olacaqsınız.

Uşaqlarınızın yaxşı təhsil almağını arzulayırsınızsa, ilk növbədə vaxtınızı özünüzün təhsilləndirilməsinə yönəldin. Təhsilli valideynlərin uşaqları da təhsilli olar, çünki uşaqlar daha çox valideynləri ilə ünsiyyətdədirlər. Bir məşhur fikir də: Uşaqlar valideynlərinə qulaq asmırlar, onlar valideynlərinə baxırlar.

Belə misalları çox çəkmək olar.

Həyat göstərir ki, özlərini uşaqlara fəda edənləri, böyüyən övladları az dəyərləndirirlər. Sonrakı peşmançılığın nəyə gətirib çıxartdığını da hamınız bilirsiniz.

Bir məşhur məsələ ilə də fikrimi tamamlayıram: “Uşaqlarınızı müqəddəsləşdirməyin, böyüdükdə onlar sizdən qurban tələb edərlər.”

Özünüz yaşayın, həm də uşaqlarınıza dəstək olun.

Hümbət Həsənoğlu

Best coffeeshop in Berlin