Kişi voleybol millimiz AGL ilə vidalaşıb
Azərbaycanın kişi voleybolçulardan ibarət yığma komandasının da iştirak etdiyi Avropa Gümüş Liqası davam edir. Baş məşqçisi Fərid Cəlilov olan Azərbaycan millisi Farer Adalarının Sandure şəhərində baş tutan üçüncü turun oyunlarından sonra bəlli turnirlə vidalaşıb. Yığma Sanduredə ev sahiblərinə qarşı keçirdiyi oyunda 3:1 hesabla qalib gəlsə də, ardından Avstriya millisinə quru hesabla məğlub olub - 0:3.
Bununla da, yığma komandamız keçirdiyi 6 oyundan sonra cəmi 6 xal toplayıb. Təəssüflər olsun ki, yığma komandamız bu nəticə ilə dördlər finalından kənarda qalmaqla turnirlə vidalaşıb.
Xatırladaq ki, Bakıda keçirilən ilk turda Macarıstan və Lüksemburq millisinə 0:3 hesabla uduzan yiqmamiz İsveçdə baş tutan ikinci turda isə ev sahibinə quru hesabla (0:3) uduzsa da Gürcüstan komandasını eyni hesabla məğlub edib.
Reqlamenrə görə, turnirdə iştirak edən 8 komanda hərəyə 6 oyun keçirir və sonda ümumi yarış cədvəlində ilk 4 yeri tutan komandalar mübarizəni pley-offdan davam etdirmək hüququ qazanır. Azərbaycan bu imkanı əldən verib.
Hazırda komandaların turnir cədvəlində vəziyyət belədir:
İsveç - 12 xal (4 oyun), Macarıstan - 9 (4), Lüksemburq - 9 (4), Avstriya - 6 (3), Azərbaycan - 6 (6), İslandiya - 3 (6), Farer - 2(3), Gürcüstan - 1 (3).
İNTİQAM Məmmədov


