YADA DÜŞƏR XATİRƏLƏR
(AZpressAZ-in arxivindən: 2023-cü il)
Rafael Hüseyn: CAN TÜRKİYƏM (SiYAVUŞ KƏRİMİ)
Fevralın 6-da gec saatlarda dostum Siyavuş Kərimi zəng vurdu.
Bayaqdan neçə saat boyunca birgəydik və söhbətlərimiz də hansı səmtə yönəlsə. yenə gəlib Türkiyənin yaşadığı zəlzələ acılarının üstünə çıxırdı.
Siyavuş qayıtdı ki, gəlmişəm evə, yenə fikrimdə o faciə dolaşır, heç rahat ola bilmirəm. Bəlkə bir şeir yazasan, dərdimizi qısa bir ağı ilə ifadə edək, ürəyimiz bir az toxtasın.
Çaldı, dinlədim, az sonra mətni yazıb göndərdim və bəndləri də bir qədər çox elədim ki, seçmək imkanı olsun.
Bu səhər bu ağı-nəğmə hazır oldu.
Başın sağ olsun, əziz Türkiyə!
CAN TÜRKİYƏM
MUSİQİ: SiYAVUŞ KƏRİMİ
SÖZLƏR: RAFAEL HÜSEYNOV
İFA: ZABİTƏ ALIYEVA
Bu daş altda qalan çocuq.
Vaxtsız uçan mələyimdir.
Açılmadan solub gedən
Məsum, incə çiçəyimdir.
Torpaq deyil bu tərpənən,
Ürəyimdir, qan ağlayır.
Bu ələmə göy də, yer də,
Qara geyib göy bağlayır.
Kədərinə qardaş qurban!
Mənim yaram sənin yaran.
Hər dərdinə həmdəm, hayan,
Yanındadır Azərbaycan!
Hardan gəldi bu müsibət?!
Qıymaz buna Pərvərdigar!
Ömürlərə zəhər qatan
Şərdə iblis havası var!
Can Türkiyəm! Səninləyəm!
Qara yellər sənə neynər!
Hər acıdan güclü Vətən
Bu qəmə də sinə gərər!
Kədərinə qardaş qurban!
Sənin yaran mənim yaram.
Hər dərdinə həmdəm, hayan,
Yanındadır Azərbaycan!
6 fevral 2023
https://youtu.be/xybSgHeT4tU


