Vasif Bağırov DÇ-da üçüncü olub, Günay Qurbanovasa bürünc uğrunda güləşəcək
Bolqarıstanın Samoko şəhərində 20 yaşlılar arasında idman güləşi üzrə keçirilən və Azərbaycan təmsilçilərinin də qatıldığı dünya çempionatı davam edir. Çempionatın üçüncü günü daha iki güləşçimiz - Vasif Baqirov (57 kq) və Anar Cəfərov (92 kq) bürünc medal uğrunda görüşə çıxıb. Cütlüyümüzdən yalnız birinci daha inamla mübarizə apararaq üçüncü yeri tutub və bürünc medala layiq görülüb. Qeyd edək ki, 1/4 finalda budrədikdən sonra təsəlliverici görüşlərə qatılan Vasif əvvəlcə yaponiyalı Rin Sakamotaya qalib gəlib - 10:2. Ardından isə moldovali Yon Bulqarunu üstələyib - 8:2.
Təəssüflər olsun ki, birbaşa bürünc medal uğrunda görüşə çıxan Anar amerikalı rəqibi Konnor Mirasolayla bacarmayıb (0:10) və nəticədə çıxışını 5-ci yerdə bitirib.
Üçüncü günün yadda qalan daha bir məqamı isə mübarizəyə qatılan qadın güləşçimiz Günay Qurbanovanın (59 kq) çıxışı olub. Qeyd edək ki, startda misirli rəqibini 6:0, ardından isə litvali idmançını 12:2 hesabla udaraq yarımfinala yüksələn Günay bu mərhələdə isveçli Karın Samuelssonla qarşılaşmanın son saniyəsində qayda pozuntusuna görə uduzub - 7:8. Günay sabah bürünc medal uğrunda görüşə çıxacaq.
Üçüncü gün mübarizəyə qatılan daha iki sərbəst güləşçimiz - Fərhad Hacıyev (61 kq) və Təbriz Bayramov (86 kq) isə elə startdaca məqlub olaraq, mundialla erkən və əliboş vidalaşıb.
Bununla da sərbəst güləş üzrə U-20 millimiz mundiali 3 bürünc medalla başa vurub.
İNTİQAM Məmmədov


