Boks üzrə dünya çempionumuz Alfonso Dominqes və Səidcəmşid Cəfərov dünyada üçüncü olub
Sentyabrın 4-də İngiltərənin Liverpul şəhərində böyüklər ( kişi və qadın) arasında boks üzrə startı verilən və Azərbaycan yığmasının da iştirak etdiyi dünya çempionatı artıq finişə yaxınlaşıb. Dünən çempionatda yarımfinal döyüşləri keçirilib və bununla da finalçılar müəyyənləşib. Qeyd edək ki, mundiala qatılan 11 (10 kişi və 1 qadın) boksçumuzdan yalniz ikisi - dünya çempionu və Olimpiya mükafatçısı Alfonso Domunqes (90 kq) və Səidcəmşid Cəfərov (75 kq) yarımfinal mərhələsinə qədər irəliləyə bilib.
Təəssüflər olsun ki, yarımfinala yüksəlməklə bürünc medalı özünə təmin edən cütlüyümüz bu mərhələni keçə bilməyib və bununla da çıxışını üçüncü yerdə bitirməklə bürünc medalla kifayətlənib.
Dominqes finala çıxışda braziliyalı Santos Ribeyro Filyo ilə, Cəfərov isə Özbəkistan təmsilçisi Fazliddin Erkinbayevlə bacarmayıb.
Bununla da 11 nəfərlik heyətlə mundiala qatılan Azərbaycan yığması dünya çempionatını iki bürünc medalla başa vurub.
Dünya çempionatına sentyabrın 14-də həlledici final görüşləri ilə yekun vurulacaq.
İNTİQAM Məmmədov


