"Qarabağ" UEFA Çempionlar Liqasında ilk məğlubiyyətlə üzləşib
21-22 oktyabr günlərində futbol üzrə UEFA Çempionlar Liqasınin əsas qrup mərhələsində sayca 3-cü olan növbəti turun oyunları keçirilib. Ölkəmizi bu möhtəşəm turnirdə təmsil edən "Qarabağ" klubu hesabat turu çərçivəsində İspaniyanın Bilbao şəhərində yerli "Atletik" klubunun qonağı olub. Yeri gəlmişkən, bu tura qədər (geridə qalan 2 turda) "Qarabağ" 6 xalla 36 komanda arasında 9-cu, aktivində xalı olmayan "Atletik" isə 35-ci pillədə qərarlaşmışdi. Təəssüflər olsun ki, qələbəsinə öyrəndiyimiz "Qarabağ" bu dəfə məğlub olaraq, öz pərəstişkarlarını məyus edib. Qeyd edək ki, Bilbaodakı "San-Mames" stadionunda baş tutan və taleyi xorvatiyalı hakim İqor Payatsa həvalə edilən oyun ev sahibinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Düzdü, oyunda ilk qolu "Qarabağ" vurub, həm də çox erkən. Birinci dəqiqədə Leandro Andrade baxımlı qolla "köhlən atlar"i hesabda irəli çıxarıb - 0:1.
Ev sahibləri yalnız 40-cı dəqiqədə Qerka Qurusetanin vurduğu qolla bərabərlik yaradıblar. Fasilədən sonra isə "Atletik" daha iki qol vuraraq, turnirdə ilk qələbəsini qazanıb - 3:1. 70-ci dəqiqədə Robert Navarro dəqiq zərbə ilə komandasını hesabda irəli çıxarıb - 2:1. Matçın 88-ci dəqiqəsində isə Quruseta yenidən səhnəyə çıxaraq dubl edib və hesabı 3:1-ə çatdırıb.
Bu oyundan sonra "Qarabağ" 6 xalla 9-cu pillədən 12-ci yerə düşüb. İlk qələbəsini qazanan "Atletik" isə 3 xalla 35-ci pillədən 25-ci pilləyə yüksəlib.
Turun mərkəzi oyunu hesab edilən və Madriddəki (İspaniya) "Santyaqo Bernabeu" stadionunda baş tutan "Real" - "Yuventus" qarşılaşması "Kral klubu"nun minimal hesablı qələbəsi ilə bitib - 1:0. "Qoca Sinyora"nin qapısına vurulan və matçın taleyini həll edən yeganə qolunu müəllifi Cud Bellinqem olub.
Turda ən böyük hesablı nəticə "Barselona" - "Olimpiakos" (6:1), "PSV" - "Napoli" (6:2), "Bayer" - "PSJ" (2:7) görüşlərində qeydə alınıb.
Turun digər oyunları isə belə nəticələnib.
"Kayrat" - "Pafos" - 0:0;
"Arsenal" - "Atletiko" - 4:0;
"Kopenhagen" - "Borussiya" F - 2:4;
"Nyukasl" - "Benfika" - 3:0;
"Yunion" - "İnter " - 0:4;
"Vilyarreal" - "Mançester Siti " - 0:2;
"Qalatasaray" - "Bude-Qlimt" - 3:1;
"Atlanta" - "Slaviya Pr" - 0:0;
"Bavariya" - "Bruqqe" - 4:0;
"Çelsi " - "Ayaks" - 5:1;
"Ayntraxt " F - "Liverpul " - 1:5;
"Monako" - "Tottenhem Xotspur" - 0:0;
"Sportinq" - "Marsel" - 2:1.
Geridə qalan 3 turdan sonra "PSJ", "Bavariya", "İnter", "Arsenal" və "Real" klubu hərəyə 9 xalla ilk beşlikdə (Top-5) yer alıb.
Turnirdə növbəti turun oyunları (4-cu tur) 4-5 noyabr günlərində keçiriləcək. "Qarabağ" klubu noyabrın 5-də "Çelsi"ni qəbul edəcək.
İNTİQAM Məmmədov


