“Vətən deyib döyüşdük, zəfərlə geri döndük!” adlı tədbir keçirildi +FOTO=14
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində 04 noyabr 2025 - ci il tarixində 8 noyabr - Zəfər gününə həsr olunmuş “Vətən deyib döyüşdük, zəfərlə geri döndük!” adlı tədbir keçirildi.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Vətən müharibəsində qələbəmizin 5-ci ildönümü münasibətilə muzeyimiz tərəfindən təşkil olunan bu tədbir gələcək nəsillərdə vətənpərvərlik ruhunu, qəhrəmanlıq dastanı yazan mərd oğullarımıza minnətdarlıq hissini aşılamaq və qürurverici Zəfər salnaməmizin yazıldığı şanlı tarixi təbliğ etmək məqsədilə keçirildi.
Tədbirin başlanğıcında Azərbaycan Respublikasının Dövlət Himni səsləndi, ardınca vətən uğrunda həlak olmuş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri muzeyin elmi katibi Şəhla Məmmədova açıq elan etdi. Daha sonra muzeyin əməkdaşı Türkan Əliyeva geniş məruzə ilə çıxış edərək bizi zəfərə doğru aparan 44 günlük Vətən müharibəsindən danışdı. Ardınca müharibənin həqiqətlərini, döyüş meydanında qəhrəmanlarımızın qələbə əzmini göstərən, eləcə də böyük hədəflərə söykənən tarixi torpaqlarımıza “Böyük Qayıdış”ımızı əks etdirən və muzey əməkdaşları tərəfindən hazırlanmış videoçarxlar nümayiş etdirildi.
Tədbirin rəsmi hissəsində qazilər Hüseyn Məmmədov (Füzulinin, Cəbrayılın, Xocavəndin və Şuşanın azad olunması, Vətən müharibəsi iştirakçısı medalları ilə təltif olunmuş) və Nahid Ağayev (Vətən müharibəsi iştirakçısı, Kəlbəcərin azad olunması medalları ilə təltif olunmuş) rəşadətli ordumuzun gücü və xalqımızın bir amal uğrunda səfərbərliyi sayəsində əldə edilmiş parlaq qələbəmizdən söz açdılar.
Tədbirin bədii hissəsində Bakı Musiqi Akademiyasının tələbələri – Cəlal Səmədov, Rauf Məmmədzadə, Məryəm Babayeva, Hidayət Sadıqbəyli, Nigar Süleymanova vətənpərvərlik mövzusunda müxtəlif musiqi nömrələri ilə çıxış etdilər. Həmçinin fortepianoda Ərtoğrul Balayevin müşayiətilə Atilla Məmmədli sözləri Xalq şairi Nəbi Xəzriyə, musiqisi SSRİ Xalq Artisti Müslüm Maqomayevə məxsus “Azərbaycan” mahnısını ifa etdi.
Sonda xatirə şəkli çəkildi.
Tədbirin auditoriyası qazilərdən, Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin müəllim və şagird heyətindən, muzey əməkdaşlarından ibarət idi.
Fotolar: Rüstəm İsmayılov
-bu reportajda olan fotoları sifariş ermək üçün
-eyni zamanda AZpress.AZ İnformasiya Agentliyinin XƏBƏR saytlarında REKLAM və REKLAM xarakterli məlumatların yayımlanması üçün təqdim etdiyimiz mobil nömrə ilə əlaqə saxlaya bilərsiniz:
+99477 737 75 76


