Qadın basketbol millimiz İslamiadada üçüncü dəfə çempion olub
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyyadda keçirilən 6-cı İslamiadada (İslam Həmrəyliyi Oyunları) qadınların 3x3 basketbolu üzrə yarışlarına noyabrın 19-da baş tutan həlledici final matçı ilə yekun vurulub. Yarışın qalibi adını isə Azərbaycan yığması qazanıb. Heyəti Aleksandra Mollenhauer, Dina Ulyanova, Tatyana Deniskina və Brianna Freyzerdən ibarət olan millimiz həlledici finalda qardaş Türkiyə millisini üstələyib - 21:13. Bununla da Azərbaycan komandası İslamiada-2017 və İslamiada-2022-də qazandığı çempionluq titulunu üçüncü dəfə qazanıb.
Xatırladaq ki, millimiz yer aldığı qrupda müvafiq ardıcıllıqla ev sahibini (21:8), Kot-d'İvuari (21:14) və Türkiyəni (19:11) məğlub edərək, qrup lideri kimi 1/2 finala yüksəlib. Bu mərhələdə isə millimiz Misirdən (22:15) üstün olub.
İNTİQAM Məmmədov


