"Xilasedici" Avrokubokda mərhələ keçib
Noyabrın 20-də kişi voleybol klublarının mübarizə apardığı Avrokubok yarışlarının Çelenç Kubokunda 1/32 final mərhələsinin cavab oyunları keçirilib. Ölkəmizi bu turnirdə təmsil edən "Xilasedici" klubu cavab oyunları çərçivəsində "Steaua" (Rumıniya) klubunu qəbul edib. Qeyd edək ki, ilk oyunda səfərdə quru hesabla (0:3) uduzan "Xilasedici" Bakıda keçirilən cavab matçında rəqibini 3:1 (25:23, 25:17, 15:25, 28:26) hesabla məğlub edərək, ümumi hesabı bərabərləşdirib. Cütün qalibini müəyyənləşdirmək üçün rəqiblər əlavə olaraq mübarizəni qızıl setdə davam ediblər. Burada isə "Xilasedici" daha güclü olub - 15:13.
Bu qələbədən sonra, "Xilasedici" adını 1/16 finalçılar sırasına yazdırıb. Həmin mərhələdə isə "Xilasedici" Belçikanın "Lindemans" klubu ilə qarşılaşacaq. İlk oyun 2026-ci il yanvarın 7-də Belçikada, cavab matçı isə bir həftə sonra Bakıda olacaq.
İNTİQAM Məmmədov


