Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Məmməd Əvəzoğlu:

Vəfasız deyə bilmirəm

Özünlə apardın şirin sözümü,

Sevgiyə inamı, dərdə dözümü,

Şıltaq bir qız idim, indi özümü

Kiminsə yanında öyə bilmirəm,

Mən sənə vəfasız deyə bilmirəm.

 

Bir zaman qarşımda ağlamısan sən,

Kövrək ürəyimi dağlamısan sən,

Üzümə eləcə bağlamısan sən

O qəlbin qapısın döyə bilmirəm,

Mən sənə vəfasız deyə bilmirəm.

 

Fərqinə varmadıq fərqli yaşın da,

Ağaran saçın da, çatma qaşın da,

Xəyala dalıram süfrə başında

Öz halal tikəmi yeyə bilmirəm,

Mən sənə vəfasız deyə bilmirəm.

 

Ürək tamarzıdır sənin səsinə,

Yetişə biləydim son nəfəsinə,

Əllərin toxunub hər düyməsinə,

Sənsiz o paltarı geyə bilmirəm,

Mən sənə vəfasız deyə bilmirəm.

Məmməd Əvəzoğlu.01.12.2025.

Dilqəm xanımın istəyi ilə

Best coffeeshop in Berlin