AZpress.AZ-ın ARXİVİNDƏN
3500 uşaq qida çatışmazlığı səbəbindən ölüm riski altındadır
İsrailin oktyabrın 7-dən bəri hücumlarını davam etdirdiyi Qəzza zolağında 3500 uşaq qida çatışmazlığı səbəbindən ölüm riski ilə üzləşib.
Qəzza hökumətinin media idarəsindən verilən yazılı açıqlamada, İsrail və ABŞ-ın Fələstin xalqına yardımların çatmasına mane olduğu və Qəzza zolağının tədricən aclığa qərq olduğu bildirilib.
Açıqlamada Qəzzada 3500 uşağın qeyri-kafi qidalanma və idxalı qadağan edilən məhsullar arasında olan qida əlavələri və peyvənd çatışmazlığı səbəbindən ölüm riski ilə üzləşdiyi qeyd edilib.
Media ofisi ABŞ və İsrailin 2 milyon 400 min Qəzzalı mülki vətəndaşı aclığa məhkum etmək niyyətində olduğunu vurğulayaraq, xəstələrə və uşaqlara tətbiq edilən aclıq siyasətinin, ərzaq və dərman idxalına qadağanın təhlükəli və qeyri-insani yol olduğunu bildirib.
Bu hesabata görə, bu, Qəzzanın dinc əhalisinə qarşı soyqırım müharibəsidir və bu cinayətləri dayandırmaq üçün təcili beynəlxalq müdaxiləyə çağırır.
Mayın 7-də İsrail ordusu Qəzzanın Rəfah bölgəsinə qurudan hücuma keçərək Qəzza tərəfində Misirlə sərhəd keçid məntəqəsini ələ keçirdiyini açıqlayıb.
İsrailin bölgədə işğalı başladığı mayın 7-dən Rəfahın sərhəd qapıları bağlı qalıb.
Qəzza zolağının İsraildən kənarda xarici dünyaya yeganə qapısı olan Rəfah sərhəd keçidinin bağlanması ərzaq qıtlığı yaşayan Qəzzaya humanitar yardım axınına əhəmiyyətli dərəcədə təsir edir.


